Məhkəmə qərarları › İş №8(004)-396/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-396/2023

14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-396/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəmə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən tam icra olunmamışdır. Belə ki, müvafiq ödəniş düzgün hesablanmamışdır. Lakin, icra işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, şikayətin təmin edilməsini, icra işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsi vəzifəsinin icra orqanının üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə şikayətə iş üzrə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra işi üzrə icraata xitam verilir. Lakin, sözügedən maddədəki hüquqi əsas müvafiq icra işi üzrə xitam qərarının faktiki və hüquqi hallarına uyğun deyil. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı X5 təkrarən iddia ərizəsi ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, mənəvi və maddi ziyanın ödənilməsi” tələbi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin iddia tələbi ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3205/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/153 nömrəli ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar üzrə X4 155.089,84 manat məbləğində vəsaitin az ödənilməsi müəyyən edilmişdir. İddiaçı X3 Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, mənəvi və maddi ziyanın ödənilməsi” tələbi üzrə mülki iş üzrə icraata Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 49/2022 nömrəli qarardadı ilə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsində qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla xitam verilmiş, sözügedən qərardadın təsviri-əsaslandırıcı hissəsində iddiaçı X4 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının mübahisələndirilməsi hüququ izah edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-49/2022 nömrəli qarardadından iddiaçı X5 tərəfindən müvafiq olaraq apellyasiya və kasasiya şikayətləri verilsə də, qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış və iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(102)-1562/2023 nömrəli qərarının əsaslandırma hissəsində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının mübahisələndirilməsi hüququ izah edilmişdir. Nəticə etibarilə, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/153 nömrəli ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar üzrə X4 155.089,84 manat məbləğində vəsaitin az ödənilməsi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, 2(004)- 5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 tərəfindən 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar