Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-397/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-607/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 5109,86 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə borclu X3 xx.xx.2023-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən iş üzrə borclu xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini, təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qeyd edilən normada borclunun ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur. Borclu icraata başlamaq haqqında qərarı və icra sənədinin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıq xx.xx.2023-cü il tarixdə almasını təsdiqləyən sənədlər təqdimata əlavə edilsə də, sonuncunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmalı, təxirəsalınmaz (sıxıcı) sosial ehtiyaca cavab verməlidir. Azərbaycan Respubliksı Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Kenvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;
1. Qanuni əsaslarla hər hansı dövləin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəziyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.
4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. «Battista İtaliyaya qarşı» işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır. Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (X4rşı). Bundan başqa məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra sənədinin icrasının təmin edilməsi məqsədini güdür. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması o zaman tətbiq olunur ki, o, ölkə ərazisində qaldığı təqdirdə icra sənədini icra etmək iqtidarında olur, lakin icra sənədini üzrsüz səbəbdən icra etmir. Lakin iş materiallarında olan sənədlər əsasında bu nəticəyə gəlmək mümkün olmur. Məhkəmə eyni zamanda qeyd edir ki, icra məmuru tərəfindən digər icra tədbirləri görülməmiş, yəni borclunun əmlakı, bank hesabları, gəlirləri və s. barədə sorğular verilməmiş, müvafiq icra sənədi üzrə borclunun mülkiyyətdində olan əmlakların üzərinə həbs qoyulmamış, həmçinin onun gəlirlərinə yönəldilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olmadığına görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-607/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov