Məhkəmə qərarları › İş №8(004)-408/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-408/2024

01.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-408/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultan0va-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X1 Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər anası X5 himayəsində qalsın. 16 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment cavabdeh X3 tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-4658/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar aliment borcunun tutulmasının əsassız olaraq mənim əmək haqqıma yönəldilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Anar Əyyubovun hərəkətlərinin qanunusuz hesab edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X9 23 iyul 2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları olmuşdur. Övladlarından biri xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatmamışdır. Aralarında olan nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(004)-4658/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmçinin həmin qətnaməyə əsasən xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər anası X5 himayəsində qalması və 16 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment ondan tutularaq X5 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsassında verilmiş icra sənədi üzrə icraat Bakı şəhəri Yasamal rayon İcra şöbəsində başlanmışdır. Onun tələbkara hər hansı bir aliment borcu olmasa da Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov işlədiyi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək guya onun 2800 manat aliment borcu olduğundan hər ay əmək haqqından 70%, borcla birlikdə hər ay 193 manat alimentin tutulmasını tələb etmişdir. Hazırda bir neçə aydır ki, əmək haqqından bu müraciət əsasında aliment tutulmaqdadır. O, dəfərlərlə aliment borcunun olmaması, bu hərəkətlərə son qoyulması, əmək haqqından pul tutulmasının dayandırılması ilə bağlı İcra Şöbəsinə müraciət etsə də bunun heç bir nəticəsi olmamışdır. Qeyd edir ki, o, Azərbaycan Beynəlxalq Bankına məxsus öz əmək haqqı kartından hələ xx.xx.2023-cü il tarixdə tələbkar X6 məxsus karta 2964.75 manat məbləğində pul köçürmüşdür. Qeyd olunan ödəməni icra məmuru nəzərə almamışdır. Halbuki o, tələbkara hələ icra məmuru iş yerinə müvafiq müraciət etməmişdən əvvəl aliment ödənişini artıqlaması ilə etmişdir. Hazırda onun icra sənədi üzrə heç bir aliment öhdəliyi yoxdur. Əksinə artıq ödənişi vardır. Tələbkar son vaxtlara kimi icra məmurundan alimentin tutulması ilə bağlı icra tədbirləri görməyi xahiş etməmiş və tələb etməmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia qaldırılmış, tələbkar məhz bu hadisədən sonra ona ödənilmiş ödənişlərin aliment olmadığını mübahisələndirməyə başlamış və icra məmurundan tədbirlər görməsini xahiş etmişdir. Hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Anar Əyubovun əmək haqqına tutmanının yönəldilməsi barədə hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırki şikayət ilə məhkəməyə müraciət edilməsi zəruri olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov verilmiş şikayəti qəbul edərək, izahatında bildirmişdir ki, 9 avqust 2023-cü ildə tələbkar məhkəməyə müraciət edərək, aliment borcunun ödəmədiyini bildirərək, borcunun əməkhaqqından çıxarılmasını xahiş etmişdir. Bunun əsasında borc əmək haqqına yönəldilmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, borclu, bununla bağlı icra şöbəsinə dəvət edilməmiş, onun izahatı alınmamışdır. Şikayətin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və əsaslarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx/xx-249295/12 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4658/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2ndan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat aliment pulu tutularaq X6 ödənilməlidir. X1 2800 manat aliment borcu olduğundan hər ay əməkhaqqından 70%, borcla birgə hər ay 193 manat aliment pulunun tutulması üçün “Azəriqaz” İB-ə göndərilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 2950 manat ödəniş edilmişdir. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. İş materiallarından göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4658/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə başlanılmış icraat üzrə X2 “Azərbaycan Beynəlxalq Bankı” na məxsus öz əmək haqqı kartından xx.xx.2023-cü il tarixdə tələbkar X6 məxsus karta 2964.75 manat məbləğində pul köçürmüşdür. Lakin icra məmuru xx.xx.2024-cü il tarixdə “Azəriqaz” İB-nə X1 2800 manat aliment borcu olduğundan hər ay əməkhaqqından 70%, borcla birgə hər ay 193 manat aliment pulunun tutulması üçün göndərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4658/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata X2na münasibətdə borcun onun əməkhaqqına yönəldilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkəti qanunsuz və əsassız hesab edilməlidir. Eyni zamanda icra məmurunun üzərinin borclunun icra sənədi üzrə aliment borclunun düzgün hesablanması öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4658/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata X2na münasibətdə borcun onun əməkhaqqına yönəldilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkəti qanunsuz və əsassız hesab edilsin. İcra məmurunun üzərinə borclunun icra sənədi üzrə aliment borcunun düzgün hesablanması öhdəliyi qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar