Məhkəmə qərarları › İş №8(004)-417/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-417/2023

04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-417/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Tələbkar Niftaliyevaya Hicran Arif qızının, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinə əsasən qalan 6694 manat borcun hissə-hissə, hər ay 150 manat məbləğində olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsi ilə ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısının 1/3 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. xx.xx.2016-cı il tarixədək alimenti ödəmişdir. Sonradan işlədiyi bank ləğv olunduğundan alimenti ödəyə bilməmiş və iddiaçı da alimenti ödəməyini tələb etməmişdir. 2023-cü ilin fevral-mart aylarında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək 8 694 manat aliment borcu yığıldığını və borcu 10 gün müddətində ödəməli olduğumu bildirmişdir. Cavabdeh 8694 manat aliment borcundan 2000 manat ödəniş etmiş, 6694 manat borc isə qalmışdır. O, 10 oktyabr 2017-ci il tarixdə X6 İnstitutunda açıq ürək əməliyyatı olunmuş, 01 may 2018-ci il tarixdə isə Respublika Diaqnostika Mərkəzində damarıma 1 stent implantasiya edilmişdir. Tələb olunan borc məbləğini qəbul edir və ödəməkdən imtina etmir. Hazırda himayəsində 3 azyaşlı övladı var, özü ağır ürək xəstəsidir, heç yerdə işləmir və maddi vəziyyəti çox ağır olduğundan tələb olunan 6694 manat aliment borcunu birdəfəlik ödəməm mümkün deyil. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, borclu tələb olunan borc məbləğini qəbul edir və ödəməkdən imtina etmir. Borclu 8694 manat aliment borcundan 2000 manat ödəniş etmiş, 6694 manat borc isə qalmışdır. Borclu hal-hazırda heç bir yerdə işləmir, himayəsində 3 azyaşlı övladı var və açıq ürək əməliyyatı keçirmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Niftaliyevaya Hicran Arif qızı izahatında bildirmişdir ki, övladı autizm xəstəsidir. Borclu cəmi bir il uşağın saxlanması üçün aliment ödəmişdir. Uşağın müalicəsi kifayət qədər xərc tələb edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə müvafiq ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzinin xx.xx.2018-ci il tarixli F13 nömrəli epikrizindən görünür ki, X5 2.5 x 38 mm dərmanlı stent (PROMUS) implantasiya edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1142/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinə əsasən qalan 6694 manat borcun hissəhissə ödənilməsini tələb etsə də, hissə-hissə icrasını tələb etdiyi qətnaməni iş materiallarına əlavə etməmişdir. Həmçinin, qeyd edilən icra sənədi alimentin ödənilməsi ilə bağlıdır və yaranmış 6694 manat borc borclunun hər ay ödəməli olduğu aliment məbləğini uzun müddət ödəməməsi nəticə yaranmışdır. Borclu ərizəsində qeyd edilən məbləği birdəfəlik ödəmək üçün yetərli maliyyə vəsaitinin olmadığını qeyd etsə də, borclunun əmlak vəziyyətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinin icrasına maneə törədəcək şəkildə aşağı olması müəyyən edilməmiş, borclu bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2015 saylı, xx.xx.2015-cı il tarixli icra sənədi yaranmış borc məbləğinin (6694 manat) hər ay 150 manat olmaqla hissə-hissə icra etməsi tələbkarın və saxlanması üçün alimentin tutulması qət edilən uşağın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 150 manat ödənilməsi tutulması onsuz da uzun müddət icra sənədinin icra edilməməsi nəticəsində yaranmış borcun bundan sonra da 3 ildən çox müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar