Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-441/2023 05.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, X1 “məhkəmə qətnaməsinin icra olunması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsini müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3528/2019 nömrəli qətnaməsinin icra olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Ərizənin ilkin araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3528/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı X3 Bakı şəhəri, Yasamal Rayonu, D.Bünyatzadə küçəsi, 31 saylı evin 30 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Belə ki, ərizədə qeyd olunan xüsusatlarla bağlı mübahisəyə müvafiq məhkəmə qətnaməsi ilə qiymət verilərək icra mərhələsinə yönəldilmişdir. Bu səbəbdən, icra orqanı tərəfindən tələbkarın tələbi təmin edilməklə qətnamənin icra olunması istiqamətində zəruri icra tədbirləri görülməlidir. Bundan əlavə, müvafiq ərizə üzrə iş icra icraatı qaydasında baxılmalı olan iş (8(004)-441/2023) kimi qeydiyyata alınsa da, müvafiq məsələlər “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununda tənzimlənmədiyindən, dispozitivlik prinsipi rəhbər tutulmaqla məhkəmə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə tələblə bağlı aidiyyəti üzrə qətnamənin icrasının həvalə edildiyi müvafiq icra qurumunun qərarlarından (icra işi üzrə icraata xitam vermə, dayandırma və s.) məhkəməyə (qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı) və ya subordinasiya münasibətləri nəzərə alınmaqla icra qurumunun yuxarı orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə ərizəçiyə izah edir ki, ərizədə qeyd olunan xüsusatlarla bağlı qətnamənin icrasının həvalə edildiyi müvafiq icra qurumunun qərarlarından (icra işi üzrə icraata xitam vermə, dayandırma və s.) məhkəməyə (qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı) və ya subordinasiya münasibətləri nəzərə alınmaqla icra qurumunun yuxarı orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilər. İcra işi üzrə icraata xitam verilmişsə və ya icraat dayandırılmışsa müvafiq qərarın ləğv edilməsi və yenidən icra hərəkətlərinin davam etdirilməsi icra orqanına həvalə edilə bilər. İcra işi üzrə icraata xitam verilməmişsə də, icra məmurunun hərəkətlərindən müvafiq məhkəməyə şikayət verilə bilər. Lakin, hazırki iş üzrə tələb məhz məhkəmə qətnaməsinin icra olunmasının təmin olunmasıdır ki, həmin tələbə məhkəmə qaydasında baxıla bilməz. Nəzərə almaq lazımdır ki, qətnamə icra mərhələsindədir və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi şərtsiz icra olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 “məhkəmə qətnaməsinin icra olunması” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. GPP ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən X4 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-441/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-441/2023
05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver