Məhkəmə qərarları › İş №8(004)-478/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-478/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-478/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İş üzrə tələbkarın nümayəndəsi Nümayəndə, İş üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1177 ABŞ dolları 48 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Romanovna qızının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3.-cü maddəsinə əsasən, yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Belə ki “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə, habelə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə və tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcraat zamanı iş üzrə borclu icra sənədində qeyd olunan borc məbləğində hər ay 200 manat ödəniş edəcəyini yazdığı xx.xx.2023-cü il tarixli izahatında bildirsə də, icra sənədi icraata daxil olduğu tarixdən bugünədək cəmi 299 manat ödəniş etmişdir. Mülkiyyətində hər hansı əmlak və gəlir növü yoxdur. “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən icra edilmədikdə, borclu ölkədən getmək hüquqları icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Belə olan halda, borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən iş üzrə borclu xx.xx.1970-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, artıq yorulublar. Tələbkar hər dəfə Rusiyadan gələ bilmir. Tələbkarın tələbidə odur ki, bu məsələ qanun çərçivəsində həll olunsun. Üç ildir ki, artıq borc qaytarılmır. Qətnamə çıxıb icraya yönəldiyi gündən bu günə kimi borclu borcundan cəmi 299 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, hazırda heç bir yerdə işləmir. Özünə məxsus obyekti aylıq 500 manata icarəyə vermişdir. O, borcundan qaçmır. Lakin imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. İşləri yavaş-yavaş qaydasına düşür. Bundan başqa 299 manat bir ödəmişdir. İndidə 100 manat düzəldib gətirmişdir. O, borcunu tez bir zamanda bağlamağa çalışır. Ona söz-söhbət lazım deyildir. Bundan başqa o, həm Bakı şəhərində, həm də Moskva şəhərində yaşayır, övladı xəstədir, ora tez-tez gedib gəlir. Hissə-hissə ödəməklə bir ilə borcunu ödəyəcək. Sistemdə göstərilən şirkət onun adına açılmışdır. Amma hazırda şirkət fəaliyyətini dayandırıb. Bir dəfə 200 manat ödəmiş, sonra imkanı olmadığı üçün 100 manat ödəmişdir. Hər ay 150 manat ödəməyə gücü çatır. Göstərilənlərə əsasən, məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini, təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qeyd edilən normada borclunun ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur. Borclu icraata başlamaq haqqında qərarı və icra sənədinin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıq xx.xx.2023-cü il tarixdə almasını təsdiqləyən sənədlər təqdimata əlavə edilsə də, sonuncunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmalı, təxirəsalınmaz (sıxıcı) sosial ehtiyaca cavab verməlidir. Azərbaycan Respubliksı Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Kenvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;

1. Qanuni əsaslarla hər hansı dövləin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəziyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.

4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. «Battista İtaliyaya qarşı» işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır. Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (X2rşı). Bundan başqa məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra sənədinin icrasının təmin edilməsi məqsədini güdür. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması o zaman tətbiq olunur ki, o, ölkə ərazisində qaldığı təqdirdə icra sənədini icra etmək iqtidarında olur, lakin icra sənədini üzrsüz səbəbdən icra etmir. Lakin iş materiallarında olan sənədlər əsasında bu nəticəyə gəlmək mümkün olmur. Belə ki, iş materiallarına əlavə edilmiş borclunun xx.xx.2023-cü il tarixli izahatına və xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən onun borcunu hissə-hissə hər ay 200 manat ödəməklə icra edəcəyi və həmin borcdan artıq 299 manat ödəniş etməsi, həmçinin halhazırda da 100 manat ödəniş etməyə hazır olması müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan elektron məhkəmə çıxarışından görünür ki, Borclu "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir (VÖEN: **********) və aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan elektron məhkəmə çıxarışından görünür ki, borclu Qocamanov X1 fəaliyyəti ilə məşğul olur, onun ********** saylı VÖEN-i var və sahibkarlığın əsas növü lahmacun satışı üzrə fəaliyyətdir. Məhkəmə eyni zamanda qeyd edir ki, icra məmuru tərəfindən digər icra tədbirləri görülməmiş, yəni borclunun əmlakı, bank hesabları, gəlirləri və s. barədə sorğular verilməmiş, borclunun adına olan əmək müqaviləsinə xitam verilib-verilməməsi araşdırılmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə eyni əsaslarla icra məmurunun təqdimatı təmin edilməmiş və qeyd olunan qərardad mübahisələndirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olmadığına görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5918/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar