Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-479/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-438/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-438/2025 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 6475,08 manat əsas, 680,35 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 7165,43 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 91,65 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli e-2(004)-438/2025-023 nömrəli iş üzrə məhkəmə qətnamənin hissə-hissə icrasına icazə verilməsini və qətnamənin icrası məqsədilə aylıq 40 manat (müavinətin 50%-i) məbləğində ödənişin tutulmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 438/2025-023 nömrəli iş üzrə qəbul etdiyi qətnaməyə əsasən, məndən “Unibank KB" ASC-yə 7165,43 manat məbləğində borcun ödənilməsi tələb olunur. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzində iş üzrə keçirilmiş mühasibatlıq ekspertizası üçün 100 manat, eləcə də dövlət rüsumu kimi 91,65 manat tutulması nəzərdə tutulub. Onun maddi vəziyyəti ağırdır. Birinci Qarabaq müharibəsi veteranıdır və ayda cəmi 80 manat müavinət alır. Bundan əlavə, xəstədir və uzun illərdir müalicə alır. Əvvəllər ona sağlamlıq vəziyyətinə görə əlillik pensiya təyin olunmuşdu. Həmin dövrdə bu pensiyaya güvənərək “Unibank”-dan kredit götürmüşdür və onu bu vəsaitlə krediti ödəyə biləcəyini düşünmeşdür. Lakin sonradan bu pensiya ləğv edildi və bildirirdi ki, guya müalicə ilə tam sağalmaq mümkündür. Borclu isə bu günə qədər müalicə alır və sağlamlığı bərpa olunmayıb. Pensiyanın dayandırılması vəziyyətini ağırlaşdırmışdır. Yaş və sağlamlıq vəziyyətinə görə iş tapmaqda ciddi çətinliklər yaşayır və buna görə borcun bir dəfəlik ödənilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən borclu ərizəsinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, borcunu hər ayda 40 manat olmaqla hissə-hissə ödəyə bilər. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, (həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmiş), lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə müvafiq ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-438/2025 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 6475,08 manat əsas, 680,35 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 7165,43 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 91,65 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-438/2025 saylı qətnaməsi ilə tutulması müəyyən edilən ödənilməmiş 7165,43 manat məbləğin hər ay 40 manat məbləğində olmaqla 179 ay müddətində hissəhissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Borcun 179 ay müddətində ödənilməsi icra sənədinin ağlabatan müddət kimi qəbul edilməsi mümkün olmayan uzun müddət ərzində ödənilməsi ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-438/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-479/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-479/2025
15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver