Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-487/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin izah edilməsi barədə tələbkar X2 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 07 mart 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 iyul 2020-ci il tarixdən başlayaraq hər ay Borclu qazancının və ya gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Hazırda tələbkar X4 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verərək, bu qətnamənin icrasının yuxarıda qeyd edilən Borclu digər gəlirlərinə də (onun əmək haqqında əlavə şəklində verilən fərqləndirici əmsallara da) aid edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Borclu hər ay qazancının və gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq X3 ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və hazırda Yasamal Rayon İcra Şöbəsinin icraatındadır (icra məmuru İcmayıl m). Məlumat üçün bildirmişdir ki, sözügedən qətnamənin icrasına diar icra işi üzrə Borclu cavabdeh olan Azərabycan Respublikası Xarici İşlər Nazirliyində (bundan sonra-XİN) çalışmaqdadır və qətnamə onun aylıq məvacibindən tutulmaqdadır. Təxminən 2023 aprel ayından iddiaçı ilk öncə şifahi olaraq məlumat əldə etmişdir ki, Borclu vəzifəsində və buna uyğun olaraq da qazancında artım olmuşdur. Bundan sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir ki, qətnamənin icrası qanuni şəkildə həyata keçirilsin. Lakin artıq bir ildən çox vaxt keçmişdir ki, cavabdeh məhkəmə qətnaməsini icra etmir, bu isə iddiaçıya maddi və mənəvi ziyan vurulmasına səbəb olur. Son olaraq müxtəlif müraciətlərdən sonra cavabdeh XİN Hüquq şöbəsinin müdir müavininin imzaladığı Yasamal İcra Şöbəsinə cavab məktubuna əsasən, Borclu tətbiq edilməli olan onun əmək haqqında təyin edilmiş əlavələrə (əmsallar) icra vərəqəsinin, başqa sözlə məhkəmə qətnaməsinin tətbiq edilmədiyini bəzi səbəblərdən əsaslandırmışlar. Bu səbəbləri qısa olaraq aşağıdakı kimi sıralamaq olar: Qeyd edilmişdir ki, həqiqətən də, borclu şəxs İraq Respubikasındakı səfirlikdə fəaliyyət göstərir və ona işlədiyi ölkə üzrə dövlət məvacibinə fərqləndirici əmsallar tətbiq edilir. Sözügedən məktubdan o da müəyyən edilir ki, XİN məhkəmə qərarının icra edilmədiyini etiraf edir. Lakin qeyd edilir ki, qanunvericiliyi görə, konkret desək vergi və əmək qanunvericiliyinə görə aylıq məvacibə tətbiq edilən əmsallardan vergi tutulmur. Bundan başqa, istinad edilən Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində qeyd edilən əmək haqqına tutulmağa imkan verilməyən müdəalar göstərilmişdir; Bu arqumentlərə qısa cavab: göstərilən müddəlarda deyilmir ki, əgər məhkəmə qərarı ilə tutulmanın konkret növü göstərilibsə bu zaman da tutulmaya yol verilmir. Belə ki, qeyd edilən məhkəmə qərarında hər hansı banka və ya şəxsə borcu olan məbləğin tutulmasından yox, konkret olaraq aylıq qazancdan tutulmadan bəhs edilir. Məsələn, A adlı vətəndaşın В adlı banka 1000 azn borcu var. Bu barədə məhkəmə qərar var və A bu qərarı könüllü icra etmir. Belə olduqda bir müddət sonra bu qətnamənin icrası haqqında məcburi icra tədbirləri olan borcun əmək haqqına yönəldilməsi həyata keçirilir. Bu halda vergiyə cəlb edilməyən qazanca yönəldilmə tətbiq edilməməlidir; Yenə də, Yasamal İcra Şöbəsinin sorğusuna tam olaraq cavab verilməmiş, borclunun aylıq məvacibi haqqında məlumat verilməmişdir; Cavabdeh tərəfindən səlahiyyətlə dövlət orqanına saymazyana yanaşılmışdır. Belə ki, müraciət məktubu hər hansı bir idarə rəisi tərəfindən imzalanmamış, şöbə rəisinin müavini tərəfindən imzalanmışdır. Bununla əlaqədar olaraq tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və iddiam təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin də müvafiq qərarı ilə şükayətim təmin edilməmişdir. Hər iki instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə qətnaməsinin izra edilməməsi ilə bağlı məsələlər qətnaməni qəbul etmiş məhkəməyə müraciət edilməsi ilə bağlı həll edilməli olan məsələlərdir. Cavabdehin sözegedən qətnaməni icra etməməsinin qanunsuz və əsassız olması ilə bağlı əsaslar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1-ci bəndinə əsasən, pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından, o cümlədən pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən aliment tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının 5-ci bəndində isə konkret alimentin nələrdən tutulmaması göstərilmişdir. Bunlar aşağıdakılardır: yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla); əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən; maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən; ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən; ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından; işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən; qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən; sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən; başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən; işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan; ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan. Göründüyü kimi NK-nın sözügedən qərarında konkret olaraq aliment tutulmayan ödənişlərin siyahısı göstərilmişdir. Mübahisə predmeti olan halla bağlı, yəni cavabdehin qərarı icra etməməsinə səbəb olan arqumentlə bağlı isə heç bir müddəa yoxdur. İddiaçının ilkin müraciətləri zaman cavabdehin və icra şöbəsindən şifahi olaraq bildirildiyinə görə, borclu şəxsə müvafiq əlavə ezamiyyət xərci kimi ödənildiyindən qətnaməni cavabdeh bu səbəbdən icra etməmişdir (sonradan isə bildirilmişdir ki, belə bir təcrübə mövcud deyil). Xüsusilə qeyd etmişdir ki, əgər borclu ezamiyyətə göndərilsəydi bu hissədə cavabdehlə razılaşmamaq olmazdı, bu halda isə borclu şəxsin iş yeri mövcuddur və bu ezamiyyətə göndərilmə sayıla bilməz. Bu şəxs konkret olaraq müəyyən vəzifə tutur və bu vəzifəyə görə əmsallar şəklində ödəniş alır. Azərbaycan Respublikası “Diplomatik xidmət haqqında” qanununun 6-cı maddəsinə əsasən, diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik xidmət əməkdaşlarıdırlar. Həmin maddəyə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün müəyyən edilən vəzifələr sırasında “üçüncü katib” vəzifəsi də müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na əsasən, diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilən dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əmsallar ödənilir. Həmin Qaydaların 5 nömrəli əlavəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsal İraq Respublikasında xidmət göstərən əməkdaşlar üçün 3004 ABŞ dolları məbləğində ödənilir. Ümumiyyətlə isə qeyd etmişdir ki, aliment uşaq və qadın hüquqlarının əhəmiyyətli və ən önəmli məfhumlarından biridir. Bu isə Konstitusiyamız və digər mətəbər qanunlarımızla nizamlanır. Uşaq hüquqları, bu hüquqların təmini dövlətin vacib öhdəliyindədir. Bu öhdəlik eyni zamanda konstitusion olaraq valideynlərin əsas vəzifələrindən biridir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə tələbkarın nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyrimüəyyən məsələlərin aradan qaldırılmasıdır. “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 5-ci bəndinə əsasən aliment aşağıdakılardan tutulmur: yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla); əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən; maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən; ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən; ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından; işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən; qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən; sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən; başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən; işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan; ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarına əsasən alimentin tutulmadığı gəlirlər sırasında diplomatik nümayəndəliklərdə və ya konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşlarına ödənilən aylıq əlavə qeyd edilməmişdir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği dövlət məvacibinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir. “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli 11 saylı Qərarının 2.1-ci bəndinə əsasən diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilən dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddiməişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən aylıq əlavənin məbləği dövlət məvacibinə bu Qaydaların 2-1.1-ci bəndinə uyğun olaraq tətbiq edilən fərqləndirici əmsallar əsasında müəyyən olunur. Aylıq əlavə diplomatik nümayəndəliklərdə işləyən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibindən qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları (bundan sonra – digər icbari ödənişlər) və gəlir vergisi çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğlə həmin qalan vəsait arasında fərqə bərabər götürülür. Beləliklə məhkəmə hesab edir ki, qətnamə aydın və anlaşılan olduğundan, qətnamədə ziddiyətli məqamlar aşkar olunmadığından və qətnamədə izah edilməsi xahiş edilən məsələ qanunvericilikdə öz əksini tapdığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin izah edilməsi barədə tələbkar X2 ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin izah edilməsi barədə tələbkar X2 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-487/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-487/2024
25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver