Məhkəmə qərarları › İş №8(004)-489/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-489/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-489/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ tələbkar Rashidova Zubeidanın alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (açar sözlər: alimentin indeksasiyası) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, tələbkar Rashidova Zubeidanın iştirakı ilə, tələbkar Rashidova Zubeidanın yetkinlik yaşına çatmayan 20 dekabr 2015-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4088/2024 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Borclu hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq Rashidova Zubeidaya ödənilməsi qət edilmişdir.

Ərizə tələbi, icraat iştirakçılarının izahatları

2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4088/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilərək, Borclu yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizənin əsaslarına görə, uşaq onun himayəsindədir və uşaq böyüdükcə tələbatları da artır.

4. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə uyğun izahat verib, təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

9. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.”

Məhkəmənin mövqeyi

10. İşin faktiki hallarından müəyyən olunur ki, Rashidova Zubeida ilə Borclu faktiki nikah münasibətlərindən doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 Zubeidanın yanındadır, uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4088/2024 nömrəli qətnaməsi ilə 235 manat məbləğdə müəyyən edilmişdir.

11. X7 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir.

12. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir.

13. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

15. Göründüyü kimi, alimentin indeksasiya olunması üçün maddi hüquqi əsas vardır və indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir.

16. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4088/2024 nömrəli qətnaməsi ilə 234 manat məbləğdə müəyyən edilmişdir.

17. 2023-cü il üzrə ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 235 manat məbləğdə aliment 2023-cü il üçün minimum əmək haqqının 0,68 misli həddində olmuşdur.

18. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır.

19. Məhkəmə qeyd edir ki, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğinin aliment kimi cavabdehdən tutulması həm forma, həm məzmun baxımından indeksasiya təcrübəsinə ziddir. Belə ki, yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin tutulmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Və eyni zamanda indeksasiya zamanı hazırkı vaxtda uşaqlar üçün yaşayış minimumu məbləğinin minimum əmək haqqına nisbəti hesablanmır.

20. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4088/2024 nömrəli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(004)- 4088/2024 nömrəli qətnaməsi ilə Borclu 20 dekabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 235 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar