Məhkəmə qərarları › İş №8(004)-492/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-492/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-492/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair tələbkar X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar X1 nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədinin icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X8) 2(103)-7493/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icra sənədi Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədinə əsasən cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının X1 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.rn. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, mənzilin açarlarının cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X2 təhvil verilməsi və maneələrin aradan qaldırılması "xxxx" MMC- yə həvalə edilməsi icra edilməlidir. İcra məmuru Sahib Allahverdiyevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan və xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından məlum olur ki, icra sənədi icra edilmişdir. Lakin tələbkar Y.Ağaməliyevaya icra sənədində qeyd edilən 162 saylı mənzil deyil, MMC-nin təklifi ilə tamamilə başqa mənzil təhvil verilmişdir. Sonradan, 2025-ci ilin əvvəllərində tələbkar Y.Ağaməliyevaya məlum olmuşdur ki, ona təhvil verilmiş mənzil qüvvədə olan məhkəmə qətnaməsi ilə tamamilə başqa şəxsə məxsusdur. Həmin iş üzrə məhkəmə qətnaməsinin icrası icra məmuru Aslan Aslanbəylinin icraatındadır. İcra məmurunun xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surəti tərəfə göndərilməmişdir. Qərarın surəti İcra Şöbəsinə müraciət edilərək xx.xx.2025-ci il tarixdə əldə edilmişdir. Buna görə də, icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkar X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş üzrə borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə icra işinin materiallarını araşdıraraq və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra hərəkətləri davam etdirilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının X1 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.rn. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, mənzilin açarlarının cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X2 təhvil verilməsi və maneələrin aradan qaldırılması "xxxx" MMC- yə həvalə edilmişdir. Məhkəmə tərəfindən icra işi tələb olunmuş və icra işinin materialları ilə müəyyən edilir ki, qeyd olunan icra sənədi əsasında icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icraata başlanılmış, həmin tarixdə borclu "xxxx" MMC- yə tələbin könüllü icrası barəDə rəsmi məlumat verilmişdir. İcra tədbirləri çərçivəsində xx.xx.2023-cü il tarixdə icra məmurları X3, X7 və tələbkar X1 iştirakı ilə akt tərtib edilmiş, akta əsasən ünvan 1 ünvana yerləşən binanın 2-ci blok, 18-ci mərtəbəsində, 141 kv.m 162 saylı mənzilin təmirsiz, qapısız olduğu məlum olmuş və həmin mənzil tələbkara təhvil verilmişdir. Tələbkar hazırda icra sənədində qeyd edilən 162 saylı mənzilin deyil, MMCnin təklifi ilə tamamilə başqa mənzilin təhvil verilməsini, ona təhvil verilmiş mənzilin qüvvədə olan məhkəmə qətnaməsi ilə tamamilə başqa şəxsə məxsus olduğunu bildirərək icraata xitam qərarının ləğvini tələb edir. Məhkəmə tərəfindən icra sənədində qeyd olunan mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, məhkəmə qətnaməsində qeyd olunan 162 saylı mənzil binanın 18-ci mərtəbəsində deyil, 17-ci mərtəbəsində yerləşir. Binada mənzillərin nömrələnməsi qaydasına uyğun olaraq da, tələbkara təhvil verilən mənzilin 162 saylı mənzil olması mümkün deyildir. İş materialları ilə icra məmuru tərəfindən həmin mənzilin 162 saylı mənzil olmasının hansı əsasla müəyyən edilməsi, qətnamə əsasında verilməli olan mənzilin müəyyən edilməsi ilə bağlı hər hansı icra tədbirinin həyata keçirilməsi görünmür. Göründüyü kimi, işin faktiki halları və məhkəmə araşdırması ilə sübuta yetirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunmasını təsdiq edən hər hansı başqa sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, icra məmurunun qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq icra məmuru tərəfindən məcburi icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar X1 nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar