Məhkəmə qərarları › İş №8(004)-498/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-498/2024

06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-498/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X14-Məmmədova Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X2, İcra məmuru İsmayıl İsmayılovun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 saylı, 06 iyul 2018-cı il tarixli icra sənədi üzrə Yasamal rayon icra və Probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraata yönləndirərək müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılması və icra məmurunun hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra şöbəsinin icra məmuru X5 xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarında qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat materiallarını nəzərdən keçirərək qərar verib. Lakin bu belə deyil. Çünki, icra məmuru 2(004)-5134/2018 nömrəli xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icraat materiallarında olan məhkəmə qərarlarını, dövlət qurumların cavablarını, ekspert rəylərini araşdırmayaraq, nəzərə almayaraq, dəqiq oxumadan, cavabdehin 25 Aprel 2024-cü il tarixli ərizəsini əsas götürərək birtərəfli olaraq onun xeyrinə xx.xx.2024-cü il tarixli qərar çıxarıb. İcra məmuru qanunvericiliyin ona verdiyi imkanlardan növbəti dəfə istifadə etməyərək, heç bir zəruri tədbir görmədən cavabdehin xeyrinə xx.xx.2024-cü il tarixində qərar çıxartmaqla ona vergidən və MDSS-dən yayınmağa köməklik göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra -AR ƏNMEM-i) xx.xx.2024-cü il tarixli 3-16-16/1 -10/24 saylı məktubunda bildirilmişdi ki, xx.xx.2024-cü il tarixli müraciətiniz üzrə aparılmış araşdırma nəticəsində ekspert Əli Abdullayevin fəaliyyətində aşkar edilmiş pozuntu ilə bacılı Mərkəz üzrə müvafiq əmrlə onun barəsində intizam tənbehi tədbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 08 iyun 2022-ci il tarixli **********8 saylı məktubunda bildirilmişdir ki, YRM-in 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qərarına əsasən Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi" tərəfindən adına olan ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi Bildirişi” altsisteminə daxil edilmiş xitamla bağlı əmək müqaviləsi bildirişi xx.xx.2019-cu il tarixdə etibarsız edilmişdir. X12 Xidmətinin 19 oktyabr 2021-ci il tarixli **********7 nömrəli məktubunda bildirilmişdir ki: 2(004)-513412018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə məcburi işburaxma müddəti üçün ödənilən orta əməkhaqqının işə bərpa olunana kimi ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilməsi onunla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş bildirişin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məktub göndəriləndən sonra hüquqi qüvvəyə minir. X12 Xidmətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Məcburi işburaxma üçün əmək haqqının hesablanması AR-ın Əmək məcəlləsinin 300-cü maddəsi nəzərə alınmaqla orta əmək haqqının hesablanması bu məcəllənin 177.2-ci maddəsinə və AR Nazirlər kabinetinin xx.xx.2000-ci il 126 nömrəli qərarına uyğun olaraq hesablanıb ödənilir” və əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinəti - AR Nazirlər Kabinetinin 189 saylı qərarının 28 və 30 bəndinə uyğun. Baxmayaraq ki, cavabdeh 2019-cü ildə xx.xx.2018 - xx.xx.2019cu il tarixədək olan məcburi işburaxma müddəti üçün ödənilən əmək haqqını AR ƏM-in 177.2 maddəsinə zidd olaraq - 51.946,31 manat az ödəyib (81.997, 97 əvəzinə 30.051,66 manat ödəyib) və 16 Aprel 2018 - 19 May 2018-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətini - AR Nazirlər kabinetinin 189 saylı qərarının 28 və 30 bəndinə zidd olaraq - 1978.04 manat az (5793,19 manat əvəzinə 3815,16 manat ödəyib) ödəyib, icra məmuru növbəti dəfə ödənişlərin qanunvericiliyin tələbinə uyğun ödənilməsini yoxlamadan, dövlət qurumlarının məktublarını nəzərə almayaraq, qanunvericiliyin ona verdiyi imkanlardan (mütəxəssisin dəvət olunması) istifadə etməyərək, öz işini asanlaşdırmaq üçün xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarında qanunsuz ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir. Bundan başqa İcra məmuru xx.xx.2024-cü il tarixli qərarında qeyd edib ki, müraciətimizə cavab olaraq X12 Xidmətinin xx.xx.2019-cü il tarixli məktubunda bildirilmişdir ki, R.Hüseynov barədə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi mövcuddur və qüvvədədir. Baxmayaraq ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində yazılıb, iddiaçı X6 cavabdeh Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə icraata xitam verilsin, Bakı Apelyasiya Məhkəməsinin MK-nin xx.xx.2024-cü il tarixli 2(103)-263/2024 saylı qətnaməsində qeyd olunub ki, hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, iddia tələbinin təmin olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi üzrə icraata xitam verilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-1824/2024 saylı qərarında məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi üzrə icraata xitam verilmişdir. Baxmayaraq ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində, Bakı Apelyasiya Məhkəməsinin MK-nin xx.xx.2024-cü il tarixli 2(103)- 263/2024 saylı qətnaməsində və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-1824/2024 saylı qərarında məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində yoxlanılmayıb və iddia müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək götürülüb, İcra məmuru Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi və 8(004)- 396/2023 saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadlarını icra etməmək üçün 2(103)-263/2024 saylı və 2(102)-1824/2024 saylı qərarlara istinad edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi - xx.xx.2023-cü il tarixli 166743/2023-53-18-004 saylı “icraata başlamaq haqqında” qərara aiddir, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi - xx.xx.2024-cü il tarixli e216165/2024-53-18-001 saylı “icraata başlamaq haqqında” qərarına aiddir. Yasamal Rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hərəkətsizliyi nəticəsində icra sənədinin təmin edilməməsi zamanı qanunsuz hərəkətlərə yol verilməklə, ona 53.924, 35 manat və həmin məbləğdən dövlət büdcəsinə (14 % gəlir vergisi, 25% MDSS və icra məmuru borcludan tutulmalı 7% pul məbləği) ziyan vurulmasına gətirib çıxarmış və cavabdeh növbəti dəfə məhkəmə qərarını icra etməyərək məsuliyyətdən azad olunmuşdur. Məhkəmə iclasında iştirak edən X13 şikayətin məmzununa uyğun izahat verərək, onun təmin edilməsi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraata yönləndirərək müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılması və icra məmurunun hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru İsmayıl İsmayılov izahatında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarı müdafiə edərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, borclu nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə borclunun nümayəndəsinin iştirakı olmadan tələbkarın şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın və icra məmurunun izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, habelə 166743/2023-53-18-004 nömrəli icra işini araşdıraraq hesab edir ki, şikayət əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 saylı, 06 iyul 2018-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Borclu Şirkətinin Azərbaycan Respublikasındakı X1 əmək müqqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi; Müddətsiz əmək müqaviləsi saxlanılmaqla X9 Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində regional menecer vəzifəsinə bərpa edilməsi; Məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla X8 Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi; iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat Borclu Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddiaçı X8 ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yasamal rayon icra və Probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarından gürünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 saylı, 06 iyul 2018-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Borclu Şirkətinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X12 Xidmətinə ünvanlanmış 41 saylı, 13 may 2019-cu il tarixli məktubundan görünür ki, 13 may 2019-cu il tarixli əmrlə X9 region üzrə menecer vəzifəsinə bərpa edilməsi; 14 may 2019-cu il tarixi X6 işə çıxma günü kimi müəyyən edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 15 sentyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 nömrəli Qərarının 1.13-cü bəndi ilə Əsasnamənin 28-ci hissəsi yeni redaksiyada verilmişdir. Dəyişiklikdən sonra Əsasnamənin 28-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır və əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı və əlavələr və mükafatlar) başa düşülürdü. Bundan əlavə, Əsasnamənin 30-cu hissəsinə əsasən əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırdılar. Başqa sözlə, 20 avqust 2022-ci il tarixinədək müavinət məbləği sosial sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki son 12 təqvim ayı üzrə vəzifə maaşına uyğun olan aylıq əməkhaqqı (maddi yardım, kompensasiya və əməkhaqqına daxil olmayan digər gəlirlər istisna olmaqla) və ötən ildəki (yanvar - dekabr ayları üzrə) mükafat və əlavələr nəzərə alınmaqla hesablanırdı. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2282/2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli qərarından görünür ki, şikayətçi X7 müdafiəçisi X10 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməsi, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 31 may 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alnmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra məmuru tərəfindən “icraata xitam verilməsi barədə” qərar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məcburi işburaxma dövrü üçün əməkhaqqının hesablanması xüsusi bilik tələb edən və mütəxəssis izahına zərurət doğuran məsələdir. Lakin icra məmuru xüsusi bilik tələb edən məsələləri izah etmək üçün icraata mütəxəssis dəvət etmədən, borclu tərəfindən icra şöbəsində təqdim olunmuş ərizə ilə kifayətlənərək, öz mülahizəsinə əsasən icra sənədinin tam icra olunması qənaətinə gələrək icraata xitam vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Borclu Şirkətinin icra məmuruna ünvanladığı 25 aprel 2024-cü il tarixli “icraata xitam verilməsi” ərizəsinin məzmununda göstərilir ki, “13 may 2019-cu il tarixli 03 İB/19 nömrəli Əmrlə borclu tələbkarın əmək müqaviləsinə xitam verilmə barədə 016A/18 nömrəli xx.xx.2018-ci il tarixli əmri ləğv etmiş və tələbkarı 14 may 2019-cu il tarixdən işə bərpa etmişdir. 14 may 2019-cu il tarixdə tələbkar işə çıxmış və əmək funksiyalarının icrasına faktiki başlamışdır. Borclu 14 may 2019-cu il tarixdən başlamaqla tələbkara əmək haqqı hesablayıb ödəməyə başlamışdır. Bu iki halın hər biri borclu tərəfindən yerinə yetirildiyindən borclu icra sənədini İşəbərpa tələbi hissəsində tam olaraq icra etmiş hesab olunmalıdır.” Göründüyü kimi, borclu 14 may 2019-cu il tarixdən başlamaqla, tələbkar R.Hüseynova əmək haqqısını ödədiyini və hal-hazırda müvafiq icra sənədini tam şəkildə icra etdiyini bildirsə də, qeyd edilən qətnamədə aydın şəkildə Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının 26 aprel 2018-ci il tarixdən hesablanmalı olduğu göstərilmişdir. Bu hal nə borclu, nə də icra məmuru tərəfindən nəzərə alınmamışdır. Bir sözlə, tələbkara bu günə kimi 26 aprel 2018-ci il tarixdən 14 may 2019-cu il tarixədək olan dövr üçün əmək haqqısı ödənilməmiş qalır. Göründüyü kimi, icra sənədi tam icra olunmadığı halda, icraatına xitam verilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə “icraata xitam verilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5134/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar