Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-510/2025 28.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əşyalara qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, X3 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əşyalara qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları
1. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası qaydasında Yasamal rayon icra şöbəsinin vəzifəli şəxslərinin hərəkətsizliyi qanunsuz hesab edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26K, mənzil 112 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanında yerləşən mənzildə olan və S.Hüseynovaya məxsus ev əşyalarının həbsdən azad edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1208/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdeh X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26K, mənzil 112 (Yeni qaydalarla AZ 1070 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan xüsusi mülkiyyəti ******* nömrəli, 07.11,2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 dəyəri tam şəkildə ödənilməklə satın almışlar. Həmin mənzilə dair onların adına paylı mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Mənzili satın aldıqları zaman mənzildə cavabdeh yaşayırdı. Dəfələrlə xəbərdarlıq edib, polisə şikayət etsələr də bunlar fayda verməmişdir. Nəticədə məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, cavabdeh X3 mülkiyyətçisi olduqları evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbindən görünür ki, iddiaçılar aldıqları mənzildə S.Hüseynovaya məxsus ev əşyalarını tələb etmirlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, mənzili cavabdehdən almışdır və orada yaşamamışdır. xx.xx.2023-cü ildə mənzili iddiaçılara satmışdır. Burada da ev əşyalarının tələb edilməsindən söhbət getmir. Eyni zamanda məhkəmənin qəbul edilmiş xx.xx.2024cü il tarixli, 2(004)-1208/2024 nömrəli qətnaməsində ev əşyalarına dair hər hansı bir müddəa yoxdur, habelə qətnamənin qət hissəsində və qətnamədə yanlışlıqların aradan qaldırılmasına dair məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(004)-4208/2024 nömrəli qərardadından ev əşyalarına dair heç bir müddəa yoxdur. Başqa sözlə, bu mülki işdə iddia tələbi aydın göstərilməklə təmin olunmuş, ev əşyalarına dair isə mübahisə olmamış, istər S.Hüseynova ilə X2 arasında mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsində, istərsə də X2 ilə Tələbkar1 və Tələbkar2 arasında bağlanmış alqı-satqı müqaviləsində ev əşyalarına dair hər hansı bir müddəa yoxdur. Buna baxmayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1208/2024 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri qaydasında mübahisəli mənzildə olan və Sevil Hüseynovaya məxsus ev əşyalarının üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, bu əşyalar üzərinə həbs səhvən qoyulub və həmin əşyalar həbsdən azad olunmalıdır.
Məhkəmə icraat iştirakçılarının izahatları
3. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək göstərmişdir ki, müvəqqəti təminat tədbiri olaraq daşınar əşyaların üzərinə yanlışlıqla həbs qoyulmuşdur. Həbs götürülməlidir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
6. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.
Məhkəmənin mövqeyi
7. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır.
8. Ərizəçinin tələbi iki hissədən ibarətdir: icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əşyaların həbsdən azad edilməsi.
9. İşin məhkəmə araşdırması ilə məlum olmuşdur ki, üzərindən həbsin götürülməsi xahiş edilən əşyalara həbs müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadı ilə qoyulmuşdur.
10. Məhkəmə aktı ilə üzərinə həbs qoyulmuş əmlakların həbsdən azad edilməsi ilə bağlı isə icraa icraatı qaydasında məhkəməyə müraciət edilməsi yol verilməzdir. Əsasında icra sənədi verilmiş məhkəmə aktı qüvvədə olduğu müddətcə icra sənədi də icra edilməlidir, bunun əksi yönündə mexanizm qanunvericilikdə nəzərdə tutulmuşdur.
11. Ərizəçi isə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə tələblə müracət edərək, bu tələbə icra icraatı qaydasında baxılması yol verilməyən digər tələbi birləşdirmiş, icra məmurunun hərəkətsizliyin qanunsuz olmasının nədə ifadə olunması ilə bağlı isə ümumiyyətlə heç bir mülahizə irəli sürülməmişdir.
12. MPM-ə əsasən yalnız bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə yol verilir. Bu tələbə əməl edilmədikdə isə ərizə geri qaytarılmalıdır.
13. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əşyalara qoyulmuş həbsin götürülməsi barədə ərizəsi geri qaytarılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X3 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əşyalara qoyulmuş həbsin götürülməsi barədə ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə