Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-518/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili X4, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İş üzrə X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra işi üzrə X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq icra sənədi üzrə Azərbaycan Respublikası XİN-in xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan xüsusatlar, X1 dövlət məvacibindən vergilər və s. məcburi ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən aliment üçün 50% məbləğ təşkil edən 1875 manat hissədə tam ödəniş aparılmışdır. Lakin, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə əsassız olaraq aliment borcu 218923,39 manat müəyyən edilmişdir. Müvafiq icra orqanının sözügedən qərarı qanunsuzdur. Bu səbəbdən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək şikayətdə qeyd olunan xüsusatlara uyğun izahat verərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuruna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq keçirilmiş 3 (üç) məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 144/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş,icra məmuru İsmayıl İsmayılovun icra işi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli xx.xx.2019cu il tarixli icra sənədinə əsasən borclu X2 3 uşağın saxlanılması üçün qazancın (başqa gəlirlərin) yarısı miqdarında xx.xx.2018-ci il tarixdən tutulmalı olan alimentin miqdarının hazırki qərardadın əsaslandırıcı hissəsində müəyyən olunmuş qaydalara uyğun hesablanmaqla tələbkara ödənilməsinin təmin edilməsi Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-144/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Həmin qərardad iş materiallarında olduğundan və əsaslandırıcı hissə kifayət qədər geniş və ətraflı formada tərtib edildiyindən məhkəmə qərardadın əsaslandırıcı hissəsini hazırki qərardada əlavə etməyi zəruri hesab etmir. Qərardadda qeyd olunan xüsusatlara uyğun olaraq Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsaslıdır və təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, şikayət ərizəsi icra sənədi üzrə icra orqanının icra hərəkətlərinin görülməsi ilə əlaqədar qəbul etdiyi müvafiq qərarının mübahisələndirilməsi ilə bağlı olduğundan məhkəmə aidiyyatının inzibati məhkəmə deyil, mülki məhkəmə olması qanuni və əsaslıdır. Şikayət ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinədə baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-144/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan xüsusatlardan fərqli hüquqi yanaşmanın qoyulmasını məhkəmə məqsədə müvafiq hesab edir. Nəzərə almaq lazımdır ki, qitə (roman-german) hüquq sistemi presedent hüququna deyil, maddi və prosessual hüquq normalarının hakimlərin müstəqilliyi, daxili inamı və qüvvədə olan qanunvericilik sistemi, hüquq prinsipləri əsas götürülməklə tətbiqinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən, .........“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanmışdır. Həmin maddə ilə də rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.... Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır. Məhkəmə qeyd edir ki, diplomatik xidmət əməkdaşlarına rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən dövrə görə ödənilən əlavə məvacib adından göründüyü kimi, əmək haqqı və ya gəlirlər kimi deyil, məhz ezamiyyət xərcləri (qonaqlama, qida, geyim, nəqliyyat və s.) kimi nəzərdə tutulmuşdur. Həmin xərclərin hesablanma meyarı diplomatik xidmət əməkdaşının müvafiq ölkəyə uyğun olaraq minimal yaşam xərclərinə uyğun hesablanır. Nəzərə almaq lazımdır ki, diplomatik xidmət əməkdaşları Azərbaycan Respublikasını rotasiya qaydasında ezamiyyət üsulu ilə müvafiq xarici ölkələrdə təmsil edirlər və müvafiq diplomatik və ya hüquq münasibətlərinə öz adlarından deyil, Azərbaycan Respublikası adından daxil olurlar. Məhz bu səbəbdən, diplomatik xidmət əməkdaşlarının “gözlənilən gəlirləri”nin əmək haqqı kimi nəzərə alınmaqla müvafiq tutulmaların aparılması həmin şəxslərin təmsilçilik maraqlarında neqativ hallara səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, şəffaflıq naminə diplomatik xidmət əməkdaşının dövləti xarici ölkələrdə təmsil edərkən ilk öncə onun müvafiq ödənişləri dövlət təminatı altında həyata keçirilməsi təmin olunmalı, onun maddi təminatı şərtsiz həyata keçirilməli, diplomat özünü maliyyə risklərindən sığortalanmış formada hiss etməlidir ki, fəaliyyətində maddi maraqlara meyl etməməklə dövlət maraqlarını rəhbər tutsun. Sözügedən ödənişləri əmək haqqı və ya faktiki gəlir kimi qiymətləndirmək faktiki olaraq mümkün olsa da, həmin ödənişlər qazanc, gəlir kimi deyil, adından göründüyü kimi məhz ezam, saxlama, yaşa xərcləri qismində ödənilir. Məsələn, X diplomatına aylıq 5000 ABŞ dolları vəsait ödənilirsə, deməli həmin diplomatın müvafiq ölkədə minimum aylıq yaşam xərcləri 5000 ABŞ dolları təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, aliment hüquq institutunun mahiyyətini valideynlərdən birinin maddi imkanlarını, gəlirlərini artırmaq və ya varlandırmaq deyildir. Aliment hüquq institununun mahiyyəti uşağın minimal xərclərinin qarşılanmasına hər iki valideynin cəlb edilməsidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə kəsir olaraq hesablanmış aliment borcunun 218923,39 manat müəyyən edilməsi aliment hüquq instutunun mahiyyətinə uyğun deyil. Hazırki iş üzrə X3 əmək haqqına müvafiq olaraq uşaqlara ödənilmiş aliment miqdarı kifayət qədər normal məbləğdə olmaqla (1875 manat) ağlabatandır. Nəzərə almaq lazımdır ki, uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir və birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti yoxdur. Bundan əlavə, icra məmuruna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq keçirilmiş 3 (üç) məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla da, müvafiq qərarı qəbul etmiş icra orqanı qəbul etdiyi qərarın faktiki və hüquqi əsasları barədə yazılı və ya şifahi formada məhkəməyə hər hansı münasibət bildirməmiş, hakimiyyət səlahiyyətli orqanın nümayəndəsi kimi üzərinə düşən sübutetmə funskiyasını həyata keçirməmiş, aktiv prosessual fəaliyyət nümayiş etdirməmişdir. Hüquqi müəyyən olan aydın, anlaşılan hüquq normasının məhkəmənin öz mülahizəsi ilə geniş formada şərh edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Hüquqdan sui-istifadə edilməsi yolverilməzdir. Hüquq münasibətlərinin subyektləri vicdanlı davranmaqla mükəlləfdirlər. İcra orqanının hazırki şikayət ərizəsi ilə mübahisələndirilən müvafiq qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi yolveriləndir. Beləliklə, iş materiallarına və digər sübutlara əsasən müəyyən olunur ki, şikayət ərizəsi təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-518/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-518/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver