Məhkəmə qərarları › İş №8(004)-519/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-519/2024

25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-519/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X8 oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10787/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10787/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X2 Tələbkar xeyrinə ödənilməsi nəzərdə tutulmuş 54190 manat pulun hissə-hissə, yəni hər ay 50 manatdan olmaqla ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10787/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4378/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi “cavabdeh X2 64974 manat məbləğinin pul vəsaitinin tutulması” hissəsində dəyişdirilməklə həmin məbləğ 54190 manat müəyyən edilmişdir. Həmin icra sənədi Yasamal Rayon İcra şöbəsinin icrasına verilmiş və hal-hazırda icra mərhələsindədir. Birgə nikahda olduğu tələbkarla məhkəmə qaydasında boşandıqdan sonra 3 yetkinlik yaşına çatmayan uşaqlar onun himayəsinə və tərbiyəsinə verilmişdir. Uşaqların gündəlik qayğıları ilə məşğul olduğuna görə başqa yerdə işləyə və qazanc əldə edə bilmir. Bu səbəbə görə də icra sənədində göstərilən məbləği tələbkara ödəmək imkanından məhrumdur. Bildirmişdir ki, tələbkarla onun birgə mülkiyyətində olan bir otaqlı mənzilin açıq hərracda satılaraq satış pulunun mütənasib bölünməsi haqqında məhkəmə qətnaməsi Abşeron rayon icra şöbəsinin icraatındadır. Tələbkar birgə mülkiyyətdə olan bir otaqlı evin satış pulundan ona çatmalı olan məbləğin evin açıq hərracda satılmasından sonra borc əvəzi olaraq ondan almaq istəyir. Ancaq yeganə yaşayış yeri olan həmin bir otaqlı mənzilin satışından ona çatası pulla özünə və 3 uşağına mənzil almaq fikrindədir. Bildirmişdir ki, tələbkara borclu olduğu məbləği ödəməyə maddi imkanının olmamasını, 3 uşağının onun himayəsində və tərbiyəsində olmasını nəzərə alıb borclu olduğu məbləği hissə-hissə yəni hər ay 50 manatdan olmaqla tələbkara ödənilməsi haqqında qərardad çıxarılarsa yeganə aylıq gəliri olan aliment məbləği ilə valideynlərinin etdiyi maddi dəstəklə həm uşaqlarının gündəlik tələbatını ödəyər, həm də borclu olduğu məbləğdən tələbkara hər ay ödəniş edə bilər. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10787/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədi üzrə hər hansı ödəniş edilməmişdir. Borcu birdəfəlik tələb edir, borcun hissə-hissə ödənilməsinə razı deyil. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. İcra sənədi üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10787/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim A.N.İmanov) cavabdeh X3 nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4378/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi “cavabdeh X2 64970 (altmış dörd min doqquz yüz yetmiş) manat məbləğinin pul vəsaitinin tutulması” hissəsində dəyişdirilməklə həmin məbləğ 59.190 (əlli doqquz min yüz doxsan) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4378/2021 saylı iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli e-2-2(113)-577/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-nin xeyrinə ödənilməli olan 129940 (bir yüz iyirmi doqquz min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin yarısı, yəni 64970 (altmış dörd min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10787/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə 11 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və 17 iyun 2022-ci il tarixdə icraya yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10787/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10787/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1nın ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar