Məhkəmə qərarları › İş №8(004)-529/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-529/2024

28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-529/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü 2024-cü il tarixli, e-2(004)-4310/2024 saylı qətnaməsinin hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü 2024-cü il tarixli, e-2(004)-4310/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X5 qarşı “kredit tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 368312-CNS44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, cəmi 23144,47 manat borcun və 165,37 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bildirmişdir ki, Tələbkar ASC aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 368312-CNS44669 saylı kredit müqaviləsi üzrə ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Yalnız, yay tətili ilə bağlı yaranmış maddi çətinliklərlə əlaqədar olaraq ödənişlərdə 3 ay gecikmə yaranmışdır. Buna baxmayaraq, bankın xəbərdarlığından sonra qohumlarının köməyi ilə yaranmış borc məbləğini ödəməklə gecikməni aradan qaldırmışdır. Bank gecikmə aradan qaldırıldıqdan sonra qrafik üzrə ödəmələrin davam edəcəyini bildirməsinə baxmayaraq, verdiyi sözə əməl etməyərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən müvafiq qərar qəbul edilərək icraya yönəldilmişdir. Borcunu ödəməkdən imtina etmir. Lakin qət olunan borcu birdəfəyə ödəmək imkanı yoxdur. Belə ki, tələbkar bankdan başqa da kredit öhdəlikləri var və tərəfindən ödənişlər həyata keçirilir. Belə ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR0911917B299 saylı kredit müqaviləsinə əsasən 59 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 11956,44 manat kredit almış və hər ay 400,72 manat kredit ödəyir. İki övladı ilə birikdə kirayə mənzildə yaşayır və aylıq 550 manat kirayə haqqı ödəyir. Oğlu fərdi əməklə məşğuldur. Aylıq gəliri 500 manat civarındadır. Qızı tələbədir, işləmir. Özü Bakı İncəsənət Gimnaziyasında ingilis dili müəllimi işləyir. Aylıq maaşı hazırda 1320 (artımla birlikdə 1654,95 AZN olacaq) manat təşkil edir. Göründüyü kimi, qazancının 80 faizi kredit ödənişlərinə sərf olunur. Başqa heç bir gəlir yeri, mülkiyyətində avtomobil və ya daşınmaz əmlakı yoxdur. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, əvvəllər borc məbləğini vaxtı-vaxtında ödəmiş, sonradan anasının səhhəti ilə əlaqədar ödənişdə gecikmələr olmuş, daha sonra banka yaxınlaşaraq 2000 manat ödəniş etmiş və bank tərəfindən məhkəməyə müraciət edilməyəcəyi bildirilsə də, iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hal-hazırda kirayədə yaşayır, müəllimə işləyir, aldığı əmək haqqı borca çıxılarsa yaşayış üçün vəsaiti qalmır. Ən çoxu hər ay 300 manat ödəniş edə bilər. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, icra snədi üzrə ödəniş etməmişdir. İcra sənədi üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdeh X3 xx.xx.2023-cü il tarixli, 368312-CNS-44669 saylı kredit müqaviləsi üzrə 22330,29 manat əsas borc, 167,08 manat faiz borcu, 647,10 manat cərimə olmaqla, ümumilikdə 23144,47 (iyirmi üç min yüz qırx dörd manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 165,37 (yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində pulun iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 200 manat olmaqla hissəhissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 200-300 manat ödənilməsi qalıq məbləğin 6 ildən çox müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar