Məhkəmə qərarları › İş №8(004)-530/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-530/2023

22.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-530/2023 22.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7021/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramovun təqdimatına yazılı icraat qaydasında baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu arvadı Ağayeva (Rəhimova) Çinarə Rasim qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 175 nömrəli fərdi yaşayış evinin 24,0 kvadrat metr hissəsi üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 17.01 2018-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı, xx.xx.2017cı il tarixli icra sənədinə əsasən Borclu iki uşağın saxlanması üçün 26 12.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq X1 ödənilməlidir. Hazırda Borclu 16900 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Borclu xx.xx.2020-ci il tarixdə Ağayeva (Rəhimova) Çinarə Rasim qızı ilə nikahda olması müəyyən olunmuşdur. Bundan sonra Ağayeva (Rəhimova) Çinarə Rasim qızı ilə birgə nikahı dövründə 12 08.2022-ci il tarixdə fərdi yaşayış evi alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 175 nömrəli fərdi yaşayış evinin 24,0 kvadrat metr hissəsi Ağayeva (Rəhimova) Çinarə Rasim qızının mülkiyyətindədir. AZ-11 №384535 saylı nikah haqqında şəhadətnaməyə əsasən, Ağayeva (Rəhimova) Çinarə Rasim qızı və Borclu arasında xx.xx.2020-ci il tarixdə, 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edirəm ki, təqdimat qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, təqdimat qismən təmin olunmalı və icra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu arvadı Ağayeva (Rəhimova) Çinarə Rasim qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 175 nömrəli fərdi yaşayış evində payının - 24,0 kvadrat metrin ½ hissəsi üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 175 nömrəli fərdi yaşayış evi Borclu və Ağayeva (Rəhimova) Çinarə Rasim qızı arasında birgə nikah dövründə alındığından, Ağayeva (Rəhimova) Çinarə Rasim qızına məxsus 24,0 kvadrat metr payın ½ hissəsi Borclu çatacaq paydır və borclunun öhdəlikləri üzrə ödəmə yalnız bu paya yönəldilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldım: Təqdimat qismən təmin edilsin. Borclu arvadı Ağayeva (Rəhimova) Çinarə Rasim qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 175 nömrəli fərdi yaşayış evində payının - 24,0 kvadrat metrin ½ hissəsi üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 8(004)-530/2023 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7021/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramovun təqdimatına yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq təqdimatın qismən təmin edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar