Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-537/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Tələbkar, X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4452/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4452/2022 saylı qətnaməsi ilə, iddiaçı Tələbkar apelyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1579/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbi təmin edilməsi, iddiaçı Tələbkar ilə cavabdeh X5 arasında bağlanmış 31 may 2021-ci il tarixli Barışıq sazişi ləğv edilməsi, həmin saziş üzrə ödənilmiş 15000 manat və 312,5 manat əldə çıxmış fayda, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5561/2022 il saylı qərarına əsasən, cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4452/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4452/2022 saylı qətnaməsinin hissə-hissə, hər ay 50 manat məbləğində əmək pensiyasından tutulmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon İcra şöbəsi onun aldığı əmək pensiyasının (736 manat) 50 faiz tutub Tələbkar yönəldir. O, bu barədə İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevin yanında olmuş və ona aldığı 736 manat əmək pensiyasının 50 faizini tutulduğunu bildirmişdir. Yoldaşı l-ci qrup, özü isə 2-ci qrup ağır şəkər xəstəsidir. Şəkər dərmanları çox bahalıdır. İcra şöbəsinin rəisi ona yalnız məhkəmənin qərarı ilə onlar tutulmanın məbləğini dəyişib aşağı məbləğ edə biləcəklərini bildirmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, özü 2-ci qrup ağır şəkər xəstəsidir, yoldaşı isə 1-ci qrup ağır şəkər xəstəsidir. O, 736 manat təqaüd alır. Həmin məbləğin 50 faizi qətnamənin icrası ilə bağlı tutulur. Nəticədə dərmanların alınmasında və yaşayış xərclərinin qarşılanmasında çətinlik çəkir. Odur ki, qeyd edilənləri nəzərə alaraq qətnamənin icrası ilə bağlı hər ay təqaüdündən 50 manat tutularaq tələbkara ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar izahatında bildirmişdir ki, borclu əlavə olaraq 300 manat pensiya da alır. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə müvafiq ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, borclu ərizəsində və məhkəmə iclasında verdiyi izahatında aldığı 736 manat təqaüd məbləğinin 50 faizi qətnamənin icrası ilə borcun ödənilməsinə yönəldiyini və qalan məbləğin onun digər xərclərinin ödənilməsinə yetişmədiyini qeyd etsə də, borclunun əmlak vəziyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4452/2022 saylı icra sənədinin icrasına maneə törədəcək şəkildə aşağı olması müəyyən edilməmiş, borclu bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən AZEMİS vasitəsilə əldə edilmiş gəlir məlumatlarına dair çıxarışdan görünür ki, borclu əlavə olaraq “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup” pensiya növü üzrə 330 manat pensiya alır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4452/2022 saylı icra sənədi ilə tutulması müəyyən edilən məbləğin hər ay 50 manat məbləğində olmaqla ay müddətində hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin qətnaməni qeyd edilən qaydada hissə-hissə icra etməsi tutulması qərara alınmış məbləğin icra edilməmiş hissəsi kifayət qədər yüksək olduğundan icra sənədinin ağlabatan müddət kimi qəbul edilməsi mümkün olmayan uzun müddət ərzində icra olunması ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4452/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-537/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-537/2023
05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver