Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-540/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi, Tələbkar, Şikayətçinin (borclunun) nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun hərəkətlərindən şikayətçi (borclu) Borclu şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi (borclu) Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 2(004)- 3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu və Tələbkar ikinci dəfə rəsmi nikaha girdikləri, faktiki ailə münasibətlərində olduğu xx.xx.2022-ci il tarixdən ailə münasibətlərinin faktiki kəsildiyi xx.xx.2024-cü il tarixə kimi olan dövr üzrə aliment hesablanması barədə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixləri əhatə edən dövr üzrə gecikdirilmiş borc kimi hesablanmış aliment məbləğinin (borcunun) silinməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Xocavənd rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda ödənilməsi gecikdirilmiş kimi göstərilmiş 4025 manat məbləğdən hal-hazıra kimi borclunun əmək haqqından tutulmuş 3172 manat pul məbləğinin və gələcəkdə gecikdirilmiş kimi göstərilmiş 4025 manat məbləğdən tutulacaq məbləğin icra işi üzrə gələcəkdə nəzərə alınması; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Xocavənd rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda ödənilməsi gecikdirilmiş kimi göstərilmiş 4025 manat məbləğə dair hissədə əmək haqqından tutmaların dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətçi (borclu) Borclu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2(004)- 3957/2021-007 nömrəli icra sənədi üzrə Borclu tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (icra məmuru cənab Rasim Hüseynov) ərizə ilə müraciət edilərək icra işi üzrə Borclu və Tələbkar ikinci dəfə rəsmi nikaha girdikləri xx.xx.2022-ci il tarixdən ailə münasibətlərinin faktiki kəsildiyi xx.xx.2024-cü il tarixə kimi olan dövrü əhatə edən aliment məbləğinin (borcunun) silinməsi və Xocavənd Rayon Polis şöbəsinə icra işi üzrə Borclu borcunun olmaması və İcra şöbəsi tərəfindən Xocavənd rayon İcra şöbəsinə ünvanlanmış 23.07.24-cü il tarixli məktubda ödənilməsi gecikdirilmiş kimi göstərilmiş 4025 manat məbləğə dair hissədə əmək haqqından tutmaların dayandırılması barədə dərhal yeni məktub göndərilməsinin, tutulmuş olan məbləğlərin isə gələcəkdə nəzərə alınması xahiş edilmişdir (icra şöbəsinə ünvanlanmış ərizə şikayət ərizəsinə əlavə edilir). Ərizəyə müvafiq sübutlar təqdim edilsə də icra şöbəsi tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-198549/2021-53-40-005 nömrəli məktubu ilə ərizənin icrasından imtina edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3957/2021-007 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin hüquqi qüvvəsini almaqla şöbənin icraatında mövcud olduğundan və icra sənədi üzrə Borclu qeyd edilən dövrə aid aliment borcunun ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməməsi səbəbindən qeyd olunan dövrə aid ödənilməli olan, lakin ödənilməmiş aliment borcunun silinməsinin səlahiyyət xaricində olduğu bildirilmişdir (məktub şikayət ərizəsinə əlavə edilir). xx.xx.2024-cü il tarixli ərizənin icrasından imtina məktubuna münasibətdə bildirmişdir ki, icra işi üzrə Borclu ilə icra işi üzrə tələbkar Süleymanova (Balakişiyeva) Aynur İlqar qızı ilk dəfə 2018-ci ildə nikaha girmişlər. Onların nikahı haqqında 04 sentyabr 2018-ci il tarixdə 140 nömrəli akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli arayışdan da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş və xx.xx.2021-ci ildə 477 nömrəli akt qeydi ilə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır (arayışın surəti şikayətə əlavə edilir). Borclu bildirir ki, sonradan, yəni 2022-ci ilin avqust ayından onunla tələbkar arasında münasibətlər istiləşmiş, həmin ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlindən ailə münasibətləri bərpa olmuş, faktiki olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Rəsmi qaydada isə elə həmin ilin noyabr ayında yenidən nikaha girmiş və faktiki olaraq ər-arvad kimi uşaqları ilə birgə yaşamağa, birgə təsərrüfat aparmağa davam etmişlər. Borclu 2022-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlindən artıq icra işi üzrə borclu kimi deyil, bərpa olunmuş ailənin başçısı, bir ata, ər kimi uşağının, ailəsinin bütün xərclərini, saxlanma xərclərini qarşılamışdır. Ər-arvad münasibətlərinin bərpa olunduğu 2022-ci ilin sentyabr ayının sonu - oktyabr ayının əvvəlindən 2023-cü ilin iyun ayına kimi Borclu Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidmət apardığı dövrdə Qaradağ rayonu Qobustan qəsəbəsində ailə olaraq birgə yaşamışlar. 2023-cü ilin iyun ayının əvvəlindən isə icra işi üzrə Borclu iş yerinin AR DİN Xocavənd rayon polis şöbəsinə dəyişdirilməsi ilə əlaqədar olaraq 2023-cü ilin iyun ayından faktiki ailə münasibətlərinə xitam verildiyi xx.xx.2024-cü il tarixə kimi olan müddətdə isə bir ailə kimi uşaqları ilə birgə işğaldan azad olunmuş Xocavənd şəhərində, eləcə də Borclu ata evi olan Beyləqan şəhərində yaşamış, birgə təsərrüfat aparmışlar (foto şəkillərin bir qismi 10.09.24 tarixli ərizəyə əlavə edilmişdir). Borclu və tələbkarın ikinci nikahı Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 4363 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Borclu bildirir ki, 10 iyul 2024-cü il tarixdən faktiki olaraq ailə münasibətlərinə xitam verilmiş, tələbkar borclu ilə birgə yaşadıqları Xocavənd şəhərindən birbaşa olaraq Bakıyaatası evinə getmişdir. Bundan dərhal sonra isə Borclu mübahisə predmetləri “nikahın pozulması” və “alimentin artırılması” kimi göstərilmiş 11.07.24 tarixli mediasiya prosesinin tətbiqi barədə iki müxtəlif təklif göndərilmişdir (hər iki təklif ərizəyə əlavə edilir). Hazırda ər-arvad arasında ailə münasibətləri yoxdur. Xüsusi ilə vurğulanmalıdır ki, ikinci dəfə ailə münasibətlərinin bərpa olunduğu, faktiki ailə kimi birgə yaşayış dövründə tələbkar tərəfindən “aliment borcunun tutulması” barədə hər hansı ərizə ilə icra şöbəsinə müraciət edilməmişdir. O, icra şöbəsinə dəvət edilməmiş, əmək haqıqmdan isə hər hansı tutmalar olmamışdır. Bu faktın özü də bir daha icra işi üzrə borclu və tələbkar arasında mövcud olmuş faktiki və rəsmi ailə, ər-arvad münasibətlərinin, birgə yaşayışın mövcudluğunun göstəricisidir. Yuxarıda qeyd edilmiş səbəblərdən də, icra işi üzrə tələbkar və borclunun ikinci dəfə faktiki ailə münasibətlərinin bərpa edildiyi yuxarıda qeyd edilmiş tarixdən sonrakı dövrdən, eləcə də ikinci dəfə rəsmi nikaha girdikləri, ailə nikah münasibətlərinin bərpa olunduğu, birgə yaşadıqları və birgə təsərrüfat apardıqları xx.xx.2022-ci il tarixdən sonrakı dövrdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə aliment hesablana bilməzdi, tutulmuş aliment məbləği isə nəzərə alınmalı idi. Borclu ilə tələbkarın faktiki ailə münasibətləri 2022-ci ilin sonu oktyabr ayının əvvəllərindən bərpa olunsa da hazırda silinməsi xahiş edilən əsassız olaraq hesablanmış aliment borcu onların rəsmi nikaha girdikləri 10.11.22-ci ildən 10.07.24-cü il tarixə kimi olan dövrü əhatə edir. Ərizəyə borcun silinməli olmasını, həmin dövr üçün borcun hesablana bilinməməsinə dair kifayət qədər sübutlar əlavə edilməsinə baxmayaraq icra məmuru tərəfindən bu sübutlar nəzərə alınmamış, ərizənin icrasından əsassız olaraq imtina edilmişdir. Yuxarıda qeyd olunalarla bərabər onu da bildirmişdir ki, icra işi üzrə borclu xx.xx.2024-cü il tarixli ərizə ilə yenidən Yasamal rayon İcra şöbəsinə müraciət edərək iş üzrə tələbkarla ikinci dəfə nikaha girərək ər-arvad kimi birgə yaşadıqları, birgə təsərrüfat apardıqları dövrdə onun tərəfindən tələbkara ödənilmiş ödənişlərə dair qəbzlərin bir qismini təqdim edərək 2987 manat ödənişlərin gecikdirilmiş kimi göstərilmiş aliment məbləğindən silinməsi, Xocavənd RPİnin icra işi üzrə borclunun gecikdirilmiş kimi göstərilmiş 4025 manat məbləğə dair hissədə aliment borcunun olmaması barədə məlumatlandırılması, icra şöbəsi tərəfindən Xocavənd RPİ-yə ünvanlanmış 23.07.24 tarixli məktubda ödənilməsi gecikdirilmiş kimi göstərilmiş 4025 manat məbləğə dair hissədən əmək haqqından tutmaların dayandırılması barədə dərhal yeni məktub göndərilməsi və artıq tutulmuş olan məbləğlərin isə gələcəkdə nəzərə alınması xahiş edilmişdir. (xx.xx.2024-cü il tarixli ərizə də şikayətə əlavə edilir). Lakin icra şöbəsi bu ərizəyə də məhəl qoymamış, 28.10.24 tarixli məktubla ərizənin icrasından imtina edilmiş, icra məmuru formal cavab məktubu yazmaqla kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, icra işi üzrə borclu şəxs tərəfindən ödənişlərə dair qəbz təqdim edilmiş olmasa idi belə, daha əvvəlki ərizəyə əlavə edilmiş sübutların mövcudluğu belə hər iki ərizənin müsbət həlli üçün, gecikdirilmiş borc kimi hesablanmış borcun silinməsi üçün yetərli olsa da icra şöbəsi tərəfindən ərizələrin icrasından əsassız olaraq imtina edilmişdir. Qeyd edilməlidir ki, Yasamal Rayon icra şöbəsi tərəfindən Xocavənd RPİ-yə ünvanlanmış 23.07.24-cü il tarixli məktub əsasında 26.10.24-cü il tarixə kimi 3172 manat vəsait silinmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin (borclunun) nümayəndəsi və eyni zamanda vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, tərəflər 2018-ci ildə nikaha daxil olublar və 2021-ci ildə nikah pozulub. Lakin 2022-ci ilin noyabr ayında tərəflər arasında münasibət yaxşılaşıb və onlar yenidən nikaha daxil olublar. Hətta 2022-ci ilin avqust ayından onlar faktiki nikah münasibətində olublar. Hazırda 2-ci nikahın pozulmasına dair iş məhkəmənin icraatındadır. Fakt budur ki, 2-ci dəfə nikaha daxil olduqdan sonra tələbkar alimentin dayandırılması ilə bağlı ərizə ilə icra şöbəsinə müraciət etməyib. Tələbkar işləməyib. Borclu isə hazırda Xocavənd rayonu polis şöbəsində polis zabiti kimi fəaliyyət göstərir. Onlar 2-ci dəfə tərəflərin rəsmi nikaha daxil olmasından sonra hesablanan borcun silinməsi barədə icra şöbəsinə ərizə ilə müraciət etsələr də, ərizələri təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayət ərizəsini qəbul etməyərək, izahatında göstərdi ki, o, borclu ilə 2018-ci ildə ailə qurub, 2021-ci ildə boşanmışdır. Daha sonra uşağın mənafeyi üçün 2022-ci ildə yenidən nikaha daxil olmuş və özləri ayrıca kirayədə yaşamağa başlamışlar. Borclu həmin vaxt Qaradağ rayon Polis İdarəsində yol polisi əməkdaşı işləyirdi. O, ödənişləri Xocavənd rayonunda işləyib onun kartına atırdı ki, öz kartı olması bilinməsin. Daha sonra ona və övladına təzyiq göstərərək, pulun üzərinə əlavə edib geri qaytarmağı tələb edirdi. O, da atasından aldığı pulu həmin pulun üzərinə əlavə edib, ona geri qaytarırdı. Bu barədə 4080 manat məbləğində köçürmə qəbzi vardır. Hətta onun yenidən Xocavənd Rayon Polis Şöbəsinə bərpa olunması üçün onlar pul vermişlər. Qeyd olunanlara əsasən məhkəmədən şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynov şikayət ərizəsini qəbul etməyərək, izahatında göstərdi ki, borclu tərəfindən müəyyən ödənişin edilməsi ilə bağlı sübutlar təqdim edilsə də, həmin ödənişin aliment olaraq ödənilməsi ilə bağlı sübutlar mövcud deyil. İşi aydınlaşdırmaq məqsədilə tələbkarı da dəvət edib, onun izahatını almışlar. O, isə həmin ödənişin alimentlə bağlı olmadığını bildirmişdir. Əgər tələbkar aliment kimi ödənildiyini etiraf etsə idi, həmin ödəniş aliment borcu kimi nəzərə alına bilərdi. Belə olan halda uşağın mənafeyi əsas götürülərək həmin ödəniş aliment ödənişi kimi qəbul edilmədi. Hətta tərəflərin birgə nikahda olması alimentin dayandırılması üçün əsas ola bilməz. Belə ki nikahları olub aliment tələbləri olan kifayət qədər icra sənədləri vardır. Qeyd olunanlara əsasən məhkəmədən şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini araşdırıb hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. İcra işində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 500 (beş yüz) manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Azərbaycan Respublikasının BDYPİ-nin Maliyyə Şöbəsi üzrə xx.xx.2024-cü il tarixli, № e198549/2021- 53-40 saylı məktubuna əsasən “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 500 (beş yüz) manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Görülmüş icra tədbirləri nəticəsində Borclu əmək haqqı alması faktı aşkar olunduğundan icra sənədi İcra haqqında Qanunun 24.1.1-ci maddəsinə əsaslanaraq aidiyyatı üzrə icra edilməsindən ötrü sizə göndərilir. Xahiş edirik Borclu bu günədək ödənilməsi gecikdirilərək yığılmış 4025 manat aliment borcu bitənədək əmək haqqından və baçqa gəlirlərdən ümumilikdə 70% həcmində, bundan sonrakı dövr üçün isə aylıq 175 manat həcmində aliment məbləğlərinin tutularaq Tələbkar bank hesabına köçürülməsini təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəz qeydiyyat şöbəsinin AZ-T № 070998 nömrəli, 23 avqust 2024-cü il tarixli nikah haqqında şəhadətnaməsinə əsasən “Borclu ilə X2 arasında xx.xx.2022-ci ildə rəsmi nikah bağlanmış və həmin nikah 4363 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.” İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Borclu etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanladığı № e198549/2021-53-40-005 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 500 (beş yüz) manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi hüquqi qüvəəsini almaqla şöbənin icraatında mövcud olduğundan və icra sənədi üzrə Borclu müraciətinizdə qeyd etdiyi dövrə aid aliment borcunun ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etməməsi səbəbindən qeyd olunan dövrə aid ödənilməli olan, lakin ödənilməmiş aliment borcunun silinməsi səlahiyyətləri xaricindədir.” İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Borclu etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanladığı № e198549/2021-53-40 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3957/2021- 007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 500 (beş yüz) manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Tələbkar ərizə ilə şöbəmizə müraciət edərək iş üzarə Borclu tərəfindən ona 2022-ci ilin avqust ayından etibarən xx.xx.2024-cü il tarixədək aliment məbləğlərinin ödənilməməsini bildirmiş, ödənilməsi gecikdirilmiş 4025 manat və aylıq 175 manat aliment məbləğinin ona ödətdirilməsi üçün müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra tədbirləri nəticəsində borclu şəxsin əmək haqqı alması faktı müəyyən olunduğundan tələb Borclu əmək haqı növündə gəlirinə yönəldilmişdir.” İş materiallarında olan iş üzrə Tələbkar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 2022-ci ilin avqust ayından etibarən bu günədək mənə ödənilməmiş 4025 manat məbləğində aliment borcunun qısa vaxt ərzində tamlıqla, bundan sonrakı dövr üçün isə aylıq aliment məbləğinin ona ödənilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan iş üzrə Tələbkar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3957/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu icra sənədi üzrə ona ödəməli olduğu aliment borclarını ödəməyə söz verdiyindən onun barəsində tədbir görülməməsini xahiş etmişdir. Bildirmişdir ki, borclu şəxs sözünə əməl etmir və uzun müddətdir ki, icra sənədi üzrə ödəməli olduğu aliment borcunun ödənişindən yayınır. Qeyd olunanları nəzərə alaraq Borclu bugünədək icra sənədi üzrə ona ödənilməmiş aliment borcunu tamlıqla ona ödənilməsi üçün bütün məcburi icra tədbirlərini görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan iş üzrə Tələbkar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən “İcra işi üzrə Borclu ona ödənilməsini gecikdirdiyi aliment borcundan guya ona ödəmiş kimi göstərdiyi 2987 manat məbləğ əslində aliment ödənişi olmamışdır. Belə ki, həmin məbləğdən daha çox əlində olan qəbzlərin bir hissəsi ilə təsdiq edir ki, həmin məbləği təkrar Borclu kartına atılmasını tələb etdiyi üçün ona məxsus karta köçürmüşdür. Hətta dəfələrlə ondan borc istəmiş və o da valideynlərindən alaraq ona ödəmişdir. Əlində olan qəbzi şöbəyə təqdim etməklə əslində borclunun ona aliment məbləğindən əlavə onun ona ödədiyi iddia etdiyi əslində isə, özünün istifadə etdiyi pul məbləğlərinin qəbzi təqdim etməklə ödənişdən yayınmaq məqsədilə ərizədə göstərdiyi 2987 manat məbləği nəzərə alsaq onun şöbəyə təqdim etdiyi Borclu köçürtdüyü 4080 (dörd min səksən) manat məbləğindən görünür ki, bu halda belə onun 1093 manat borcu qalmış olur. Bildirmişdir ki, o, ödədiyini iddia etdiyi məbləğ və ondan istədiyinə görə onun kartına köçürülmüş məbləğlərin aliment ödənişinə heç bir təyinatı alimentlə bağlı olmayıb. Nəzərə almağı və icra sənədinin tələblərini icra etməkdən ötrü məcburi icra tələblərini davam etməyi xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, icra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir: 13.1.4-1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər 2018-ci il tarixdə ailə həyati qurmuş, onlar arasında nikah 2022-ci il tarixdə pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X1 anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək hər ay 50 manat pulun tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Bundan sonra tərəflər yenidən 2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən olundu ki, hazırda tərəflər arasında nikahın pozulmasına dair iş məhkəmənin icraatındadır. Tərəflər ikinci dəfə nikaha daxil olduqdan sonra tələbkar alimentin dayandırılması ilə bağlı ərizə ilə icra şöbəsinə müraciət etməmişdir. Borclu isə iddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra hesablanan borcun silinməsi ilə bağlı icra şöbəsinə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Borclu, tərəfindən aliment ödənişlərinin edildiyini bildirsə də, təqdim edilən qəbzlərin aliment ödənişi olduğu müəyyən edilmir. Hansı ki, bu halda sübutetmə yükü onun üzərindədir. Eləcə də nikah dövründə hər iki tərəfin bir-birlərinə məxsus kartlara müəyyən məbləğdə köçürmələr etdikləri görünür. Məhkəmə iş üzrə tərəflərin izahatlarını da nəzərə alaraq, hazırki halda, borclu silinməsini tələb etdiyi müddətdə aliment ödənişinin edilməsi ilə bağlı mötəbər sübutlar təqdim etmədiyindən, uşağın yüksək mənafeyini əsas götürərək ərizənin təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun hərəkətlərindən şikayətçi (borclu) Borclu şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-540/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-540/2024
06.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver