Məhkəmə qərarları › İş №8(004)-553/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-553/2024

12.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-553/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər X2 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(004)-4041/2024 nömrəli qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər X2 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(004)-4041/2024 nömrəli qətnaməsinə izah verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(004)-4041/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il e- 2(004)-4041/2024 nömrəli qətnaməsi əlavə edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin, ərizə mahiyyəti üzrə MPM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, məhkəmə qətnaməsinin izah edilməsinin mahiyyəti qətnamənin icrası zamanı ortaya çıxa biləcək anlaşılmazlıqların aradan qaldırılması, müvafiq icranın aydın, anlaşılan nəticə üzrə aparılmasıdır. Məhkəmə qətnaməsinin icrası isə qətnamənin nəticə hissəsinə uyğun aparılır (icra vərəqəsi əsasında). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(004)-4041/2024 nömrəli qətnaməsinin nəticə hissəsində hər hansı anlaşılmazlıq yoxdur. Hazırki ərizə isə qətnamənin nəticə hissəsindəki anlaşılmazlığın aradan qaldırılmasına deyil, əsaslandıcı hissə üzrə müvafiq fikirlərin izahına yönəlmişdir. Göstərilən halın izahına hüquqi zərurət yoxdur, qətnamənin əsaslandırıcı hissəsinin izah edilməsi “izah” institutunun mahiyyətinə uyğun deyildir. Ərizəçi məhkəmə iclasında iştirak etmədiyindən sözügedən qüsurun (hazırki ərizənin dəqiqləşdirilməsi məqsədilə) aradan qaldırılması, ərizənin dəqiqləşdirilməsi (əgər həqiqi izaha ehtiyac varsa) məhkəmə tərəfindən ərizəçiyə müvafiq izah verilməsi mümkün olmamışdır. Sözügedən qətnamədən iddiaçı tərəfindən (hazırki iş üzrə ərizəçi) apellyasiya şikayəti verilmişdir. Mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (hakim Xumar Mərdanova). Əgər qətnamə üzrə 1-ci instansiya məhkəməsi maddi və ya prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntular aradan qaldırılacaq, qətnamə ləğv olunacaq və ya dəyişdiriləcəkdir. Məhkəmə əlavə olaraq aşağıdakıları qeyd edir. Məhkəmə ərizəçiyə izah edir ki, mülki icraat üzrə hakim arbitr funksiyasını icra edir. Hakim tərəflər üçün sübut toplamalı deyildir, əks halda, hakimin özü də tərəf qismində çıxış etmiş olacaqdır. Sözügedən mübahisə üzrə iddiaçı tərəf təmin edilməyən hissədə iddia tələbini əsaslandırmamışdır. Azərbaycan Respublikası adından qəbul edilən qətnamə əsaslandırılmalıdır, hakim qətnamə üzrə tərəflərin istinad etdiyi dəlillərə, işin hallarına, detallarına hüquqi qiymət verməli, tələbin hansı hissədə təmin edilməsi, hansı hissədə təmin edilməməsi və əsasları göstərilməlidir. İşin hallarını sadaladıqdan sonra nəticəyə gəlmək və gəlinən nəticəni əsaslandırmamaq yekunda əsaslandırılmamış qətnamə qəbul etmək deməkdir. Sübutetmə yükünün iddiaçının üzərində olması nəzərə alınmaqla iddiaçı tərəf tələbini sübuta yetirməlidir. Məhkəmə isə iddiaçı tərəfin təqdim etməli olduğu, lakin təqdim edə bilmədiyi sübutların əldə edilməsi ilə bağlı müvafiq sorğular vermək hüququna malikdir. Lakin, bu o demək deyildir ki, tərəf tam hərəkətsiz qalmalı, hakim isə vəkillik funksiyasını üzərinə götürməklə tərəflərin birinin xeyrinə fəaliyyət göstərməli, fəallıq etməli, işin nəticəsində maraqlı olmasına əsaslı şübhələr yaradan hərəkətlərə yol verməlidir. Sübutların təmin edilməsi ilə bağlı sözügedən qərardadın icra edilməməsi məhkəmə qətnaməsinin qəbul edilməsinə maneə olmamış, məhkəmə mülki işdə olan sübutlar əsasında yekun akt qəbul etmişdir. Həmin qərardadın qəbul edilməsinə əsas isə məhz iddiaçının vəkilinin vəsatəti olmuşdur ki, məhkəmə vəkilin xahişi üzrə vəsatəti təmin etmiş, sübutun əldə edilməsi istiqamətində köməklik göstərmişdir. Lakin, işin halları və işdə olan sübutlar yekun nəticəyə gəlmək üçün yetərli olmuşdur. “Prosessual qənaət” prinsipinin tələbləri nəzərə alınmaqla, zərurət olmayan sübutların əldə edilməsi, əldə edilməsi səbəbilə işin yubadılması mübahisə üzrə süründürməçiliyə səbəb olmaqla ağlabatan deyildir. Sözügedən qərardadın icrası nəticəsində sübutların əldə edilməsi vəsatət vermiş tərəfin (iddiaçının vəkili) xüsusi marağında olmuşsa, həmin qərardad üzrə məhkəmə tərəfindən icra sənədinin verilməsi və icrasının müvafiq icra şöbəsinə və "xxxx" ASC-yə həvalə edilməsi, tərəfin adından edilən bütün prosessual hərəkətlərin də vəkil tərəfindən təmin-təşkil edilməsi nəzərə alınmaqla qərardadın icrası istiqamətində cüzi də olsa prosessual fəaliyyət (ərizə yazmaq, icra orqanına müraciət etmək, banka müraciət etmək və s.) təmin edilə bilərdi, ki edilməmişdir. Həmin qərardad icraya yönəldiləndən yekun məhkəmə aktı qəbul edilənə kimi 1 aydan artıq vaxt keçmişdir. Əgər həmin qərardad üzrə əldə ediləcək nəticə işin həllinə əhəmiyyətli təsir göstərəcəkdisə, sözügedən sübutlar əldə edilmədən qətnamənin qəbul edilməsi mümkünsüz olacaqdı. Deməli, həmin sübutlar məhkəmə tərəfindən təmin ediləcəkdi. Yuxarıda qeyd edilən kimi, iddiaçının vəkilinin vəsatəti tərəflərin prosessual hüquqlarının təşkil edilməsi məqsədilə təmin edilmişdir. Sözügedən mülki iş üzrə müəyyən edilir ki, məhkəmə tərəfindən xüsusən iddiaçı tərəfə sübutların təqdim edilməsi ilə bağlı tam şərait yaradılmış, məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. İddia tələbinin artırılması nəticəsində tələb cavabdeh "xxxx" ASC-yə qarşı hissədə tam formal xarakter daşımışdır. Məhkəmə iclaslarında tələbin sözügedən hissəsinin əsaslandırılması ilə bağlı arqumentasiya gətirilməmişdir. Həmçinin, qətnamə tərtib edilərkən qətnamənin əsaslandırılması hakimin müstəsna səlahiyyəti və xüsusi öhdəliyidir. Qətnamənin mahiyyəti ilə bağlı olmayan, sadəcə əsaslandırıcı hissədə tərəfin “bəyənmədiyi” hər hansı fikirlərin olması qətnaməyə izah verilməsinə əsas deyildir. İzah verilməsi tələb edilən hissə kifayət qədər aydın və anlaşılandır. Ümumiyyətlə, qətnamə kifayət qədər sadə, anlaşılan dildə tərtib edilmişdir. Qətnamə tərtib edilərkən hakimin vəzifəsi tərəflərin razılığına səbəb olmaq deyil, qanuni və əsaslı qərar qəbul etməklə onu əsaslandırmaqdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə yuxarıda qeyd edilən hüquqi əsaslara görə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər X2 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il e-2(004)-4041/2024 nömrəli qətnaməsinə izah verilməsi ilə bağlı ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar