Məhkəmə qərarları › İş №8(004)-560/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-560/2024

19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-560/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, X1 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, illər öncə baş vermiş devalvasiya və iqtisadi böhran səbəbindən borclu sahibkarlıqla məşğul olduğu sahələrdə müflis olmuşdur və öhdəlikləri yaranmışdır. Daha öncə növbəliliklə Yasamal Rayon Məhkəməsinin xx.xx.2015ci il və xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclarını ödəyərək icra sənədlərinin icrasını tam təmin etmişdir. Hazırda xəstədir, əmək qabiliyyəti yoxdur. Bütün daşınar və daşınmaz əşyaların sataraq borclarının ödənilməsinə sərf etmişdir. Borclarının ödənilməsindən yayınmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi xahiş edilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-2881/2022 nömrəli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh X3 26250 manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 170 manat pulun tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. Borclunun icra sənədi üzrə ümumilikdə öhdəliyi 26420 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru,tələbkar və borcluya xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İcra işi materialları məhkəmə tərəfindən əldə edilərək öyrənilmiş və surətləri iş materiallarına əlavə edilmişdir. İcra işi materiallarına əsasən müəyyən edilir ki, borclu və tələbkar xx.xx.2024-cü il tarixdə borclunun hər ay 1000 (min) manat, yalnız 2024-cü ilin oktyabr ayında isə 10000 (on min) manat olmaqla hissə-hissə ödəniş edilməsi barədə razılığa gəlmişlər. İyul ayı üçün borclu tərəfindən 1000 manat ödənilmişdir. Daha öncə isə borclu tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat ödənilmişdir. Borclu tərəfindən ümumilikdə ödənilən məbləğ 1500 (min beş yüz) manat təşkil edir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən, borclunun ərizəsində göstərdiyi xüsusatlar, yəni borclarından müəyyən qədər ödənişlər etməsi, mülkiyyətində hər hansı bir əmlak olmaması halları təsdiq olunmuşdur. Lakin, borclunun müxtəlif icra sənədləri üzrə ümumilikdə on minlərlə borcu əhatə edən icra sənədləri üzrə icra işləri davam etdirilir. Məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə nəzərə alır ki, icra sənədinin ümumi məbləği 26420 manatdır. Borcdan müəyyən ödənişlər edilmiş, hazırda icra sənədi üzrə təxminən 25000 manat qalıq borc qalmışdır. İcra sənədinin icra üsulunu dəyişdirərək hər ay 500 manat miqdarında müəyyən edilsə, o zaman ümumi icra sənədinin icrası 50 ay, yəni 4 il ərzində həyata keçiriləcəkdir. Həmin ödəniş qrafikinin də sistemli, davamlı şəkildə keçirilib-keçirilməyəcəyi qeyrimüəyyəndir. İcra sənədinin icra üsulunun daha yüksək məbləğ, yəni hər ay 1000 manat kimi müəyyən etmək də ağlabatan deyildir. İcra işi materiallarından göründüyü kimi, borclu və tələbkar arasında bu məzmunda razılıq olsa da, borclu ödənişlərin hissə-hissə ödənilməsini təmin edə bilməmişdir. Məhkəmə ərizəçiyə hüquqi baxımdan kömək etmək niyyətində olsa da, ərizəçiyə izah edir ki, məhkəmənin özü də qanundan və mövcud məhkəmə təcrübəsindən asılıdır, hakimin öz istədiyi formada hərəkət etmək imkanı istisna olunur. Ərizə üzrə tələbkarın razılığı müəyyən edilmir. Məhkəmə tələbkarın üstün maraqlarını nəzərə alır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Məhkəmə araşdırması zamanı tələbkarın icra sənədi üzrə icra üsulu və qaydasının dəyişdirilməsinə razılığı müəyyən edilməmişdir. Tələbkarın razılığı olacağı təqdirdə məhkəmə ərizənin təmin edilməsi ehtimalını yüksək qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar