Məhkəmə qərarları › İş №8(004)-563/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-563/2022

15.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-563/2022 15.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov– Borclu məxsus “QAZ 330214 YÜK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-461/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Hazırda 3088 manat aliment borcu vardır. Bununla belə “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş və Borclu məxsus “QAZ 330214 YÜK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və icra işini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-461/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 18 noyabr 2021-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 19 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarına əlavə edilmiş Borclu elektron kartoçkasından görünür ki, “QAZ 330214 YÜK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 461/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan QAZ 330214 YÜK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “borclunun yaşayış yerinin dəyiişməsi və yaxud tələbin yönəldilə biləcəyi əmlakın olmaması və ya yetərli olmamasının müəyyən edilməsi” haqqında Akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 461/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etmək məqsədilə ünvan 1 ünvanda yaşamadığını aşkar etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsinin icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də boclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” AR Qanununun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. “İcra haqqında” Qanunun 50.1-ci və 50.2-ci maddələrinə müvafiq olaraq icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “QAZ 330214 YÜK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Yasamal Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar