Məhkəmə qərarları › İş №8(004)-566/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-566/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-566/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkar X1 nümayəndəsi və vəkili X1, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24601 manat pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi əsasında başlanılmış icraat prosesində Borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər müsbət nəticə verməmişdir. Məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və borclunun ölkədən getmək ehtimalının olması nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmədən xahiş edilir. Tələbkar X1 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmiş, borcu tərəfindən 4 ilə yaxın müddətdir ki, icra sənədinin icra edilmədiyini, bununla tələbkarın hüquqlarının pozulduğunu bildirmişdir. Borclu məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməməsini xahiş etmiş, icra sənədi üzrə təxminən 7000 manat pulun icra edildiyini, öhdəlikdən yayınmadığını, bundan sonrakı dövr üzrə aylıq 100 manat olmaqla öhdəliyini icra edəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra icra vərəqəsinə əsasən Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. İcra işi hazırda Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icraatındadır. İş materiallarına əsasən müəyyən olunur ki, tələbin könüllü icrası barədə bildiriş Borclu xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin olunmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, icra orqanı tərəfindən alternativ icra hərəkətləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materiallarında qeyd olunan xüsusatlar nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra sənədi üzrə ümumi öhdəliyin 24601 manat təşkil etməsi, ödənilmiş hissənin isə təxminən 7000 manata yaxın olması, icra sənədinin 3 ildən artıq vaxtdır icra olunmaması, tələbkarın üstün maraqları nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Borclu aylıq əmək haqqı 450 manat təşkil edir. Borclu məhkəməyə izahat verərək icra sənədi üzrə aylıq 100 manat hissədə ödəniş edəcəyini bildirir. Borclunun əmək haqqının məbləği, tutulma yönəldildikdə belə əmək haqqından tutulacaq məbləğin həcmi və qalıq icra məbləği nəzərə alınmaqla icra sənədinin icrası 10 ildən artıq müddətə davam edəcəkdir. Bu isə, məhkəmə qərarının icrasını xəyali müstəviyə keçirtməklə qərarın bundan sonra da uzun illər ərzində icrasız qalmasına səbəb olacaqdır. Borclu öhdəliklərini icra etməli, tələbkarın maraqlarını dövlət nəzərə almalıdır. İcra sənədi icra edildikdən dərhal sonra borcluya tətbiq edilmiş məhdudiyyətlər məhkəmə tərəfindən götürüləcəkdir. Qanunçuluq prinsipini dövlətin hakimiyyət səlahiyyəti ilə təmin etmək zəruridir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.1992-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar