Məhkəmə qərarları › İş №8(004)-578/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-578/2022

25.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-578/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi X1 iştirakı ilə İddiaçı X2 cavabdehlər 196 saylı Mənzil-Tikinti Kooperativinə (bundan sonra MTK) və MTK-nın sədri Nümayəndə1 qarşı “müqaviləyə xitam verilməsi, pul vəsaitinin qaytarılması, zərərin əvəzinin ödənilməsi və qanuna zidd alınmış pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5778/2018 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyə əsasən 2007-2008-ci illərdə dəyəri 35900 manat məbləğ 196 saylı MTK-nın hesabına ödənildiyindən, həmin MTK-nın Yeni Yasamal yaşayış massivində tikilən 12+1 çoxmərtəbəli binada ümumi sahəsi 59.8 kv.m., 1 otaqlı mənzillə təmin edilməsi, əgər həmin binada 1 otaqlı mənzil yoxdursa, həmin ərazidə, ümumi sahəsi təqribən 59-60 kv.m., 1 otaqlı mənzilin 196 saylı MTK-nın sədri Nümayəndə1 tərəfindən alınıb onun mülkiyyətinə keçirilməsi, 10 ildən çoxdur ki, mənzillə əlaqədar səmərəsiz Bakıya getdiyindən ona dəymiş maddi ziyan (nəqliyyat xərcləri, mehmanxanada qalma xərcləri, məhkəmə xərcləri, notariat qaydada bu işlərlə məşğul olmaq üçün təyin edilmiş nümayəndəsinə çəkilən xərclər) üzrə 5000 (beş min) manatın Nümayəndə1 tutulub ona ödənilməsi, X3 adından müqavilənin ləğv edilib, onun adına bağlanmış müqavilə sənədləşməsinin tərtibatı üçün qanunsuz alınmış 600 (altı yüz) ABŞ dolları vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5778/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh 196 saylı MTK ilə iddiaçı X5 arasında xx.xx.2008- ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh 196 saylı MTKdan mənzilin dəyəri üzrə ödənilmiş pul vəsaiti hesabına 35900 manat, faiz hesabına 2026 manat 14 qəpik olmaqla cəmi 37926,14 manat məbləğində pul vəsaitinin iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə1 maddi durumunu və MTK-da boş mənzillər olmaması nəzərə alınaraq, məhkəmə qətnaməsinin icra üsulu və qaydasını dəyişərək, həmin binanın çardaq hissəsində 59,8 kv.m sahə ilə təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra cavabdeh həbsdə olmuşdur. Hazırda da səhhətindəki problemlər və maddi durumunun olmaması səbəbindən qətnamənin icrasında problem yaranmışdır. Məhkəmə iclasında tələbkar ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş borclu məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Ərizəyə əlavə edilmiş 196 saylı MTK tərəfindən verilmiş nömrəsiz və tarixsiz arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə 39 ünvanında inşa edilmiş yeni tikili binanın mansart hissəsində yerləşən "xxxx" nömrəli ümumi sahəsi 59,8 kv.m olan daşınmaz əmlak X4 məxsusdur. Tələbkar tərəfindən həmin əmlakın MTK-nın mülkiyyətində olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə tələbkar tərəfindən məhkəməyə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5778/2018 saylı qətnaməsinin icrasının mümkünsüzlüyü, yəni qətnamə ilə borclu MTK-dan tələbkarın xeyrinə tutulmuş 37926,14 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün MTK-nın yetərli pul vəsaitlərinin, daşınar əmlaklarının olmamasına dair sübut, yəni məhkəmə qərarının icrası həvalə edilmiş icra şöbəsinin icra məmurunun arayışı məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz və rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə 39 ünvanında inşa edilmiş yeni tikili binanın mansart hissəsində yerləşən "xxxx" nömrəli ümumi sahəsi 59,8 kv.m olan sahə borclu MTK-nın mülkiyyətində olduğu halda tərəflər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5778/2018 saylı qətnaməsinin icrası mərhələsində öz aralarında barışıq sazişi bağlamaqla qətnamə ilə tələbkarın xeyrinə tutulmuş 37926,14 manat pulun əvəzi olaraq həmin əmlakı tələbkarın mülkiyyətinə verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar