Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-584/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Azad Gasanovun, Maraqlı şəxsin nümayəndəsi X1, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-898/2018 nömrəli, 08 fevral 2019-cu il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-898/2018 nömrəli, 08 fevral 2019-cu il tarixli icra sənədinə izah verilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-898/2018 nömrəli, 08 fevral 2019-cu il tarixli icra sənədi əsasında Borclu və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 52,5 kv.m. olan 49 nömrəli mənzildən çıxarılaraq və həmin mənzilin boşaldılaraq Tələbkar təhvil verilməsinin mümkünlüyü məsələsinə ətraflı izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 898/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 52.5 kv.m olan, 49 nömrəli mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmalıdır. İcraat zamanı məlum olmuşdur ki, mübahisəli mənzil Borclu tərəfindən təmir edilmiş və o, halhazırda ailəsi ilə birgə həmin mənzildə yaşayır və AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" MTK barəsində olan cinayət işi çərçivəsində Borclu onun tərəfindən imzalanmış **********163625 saylı, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən hal-hazırda yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 52.5 kv.m olan, 49 nömrəli mənzilin əvəzinə "xxxx" ASC tərəfindən Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blokunda 9-cu mərtəbəsində yerləşən 54 saylı 1 otaqlı 36.47 kv.m. ölçülü mənzil verilmişdir. Eyni zamanda Borclu "xxxx" MTK-ya və Tələbkar qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 52.5 kv.m olan, 49 nömrəli mənzilin dəyərinin və təmir xərcinin ödənilməsi ilə bağlı iddia qaldırmış və məhkəmənin 2(004)- 890/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MTK-dan mənzilin dəyəri olan 37500 manat pulun və Tələbkar mənzilin təmir xərci olan 3140 manat pulun Borclu ödənilməsi qərara alınmışdır. Qusar rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin 2(004)-890/2019 saylı icra sənədinə xitam verilməsi haqqında qərarından məlum olmuşdur ki, Tələbkar mənzilin təmir xərcini, yəni 3140 manatı Borclu ödəmiş və sonuncu həmin vəsaiti qəbul etmişdir. Hazırda Borclu Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 52.5 kv.m olan, 49 nömrəli mənzili boşaltmaqdan imtina edir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 898/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməkdə çətinlik yaranır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, evin təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxıb, lakin icra zamanı müəyyən olunmuşdur ki, evdə yaşayan şəxs AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Mübahisənin həlli məqsədi ilə tələbkara təhvil verilməli mənzil əvəzinə "xxxx" ASC tərəfindən Xətai rayonu, Ağ şəhər layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blokunda 9-cu mərtəbəsində yerləşən 54 saylı 1 otaqlı 36.47 kv.m. ölçülü mənzilin təhvil verilməsi təklif olunmuşdur. Tələbkar isə Yasamal rayonunda yerləşən evi istədiyindən, bu təklifdən imtina etmişdir. Mübahisəli mənzil maraqlı şəxs Borclu tərəfindən təmir edilmiş və o, hal-hazırda ailəsi ilə birgə həmin mənzildə yaşayır. Qeyd olunanlara əsasən, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Azad Gasanov bildirdi ki, tərəf 2019-cu ilin avqust ayında söz vermişdir ki, mübahisəli mənzildən çıxacaq, lakin bu günə kimi hələ də mənzili təhvil verməyib. Sonra bir il yarım saonra 2021-ci ilin aprel ayında icra məmuru ondan xahiş etdi ki, həmin şəxslərə əl vurmasın, bir ildə orada yaşasınlar. Bundan sonra 2022-ci il tarixdə o icra şöbəsinə gəlib işlə maraqlanmış, maraqlı şəxslər əlaqə saxlamış, o isə bildirmişdir ki, gedəsi yerləri yoxdur, onlara vaxt verilməsini xahiş etmişdir. Qətnamə üzrə icra sənədi 2019-cu il tarixdə verilmiş, lakin üstündən 4 il keçməsinə baxmayaraq hələ də icra olunmamışdır. Qeyd olunanlara əsasən, ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 bildirdi ki, o, mübahisəli evdə uzun müddət ailəsi ilə birlikdə yaşayır. Evi özü idarə edir, yoldaşı xəstədir, oğlu isə hərbiçidir. O, evi nağd pul ödəyərək almışdır. Hal-hazırda ona Xətai rayonunda təklif olunan mənzilin tələbkar tərəfindən qəbul olunmasını istəyir və ona ödənilmiş 3140 manat pulun tələbkarın istədiyi vaxt ona qaytarılmasına razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə onun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə müvafiq icra işini, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-898/2018 nömrəli, 08 fevral 2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 52.5 kv.m olan, 49 nömrəli mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün onun qəbul edilməsi mübahisəli hüquq münasibətində müəyyənlik yaranmasına, pozulmuş və mübahisə edilən hüquqların real bərpasının təmin olunmasına xidmət edir. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olması səbəbindən onun icrası çətin və qeyri-mümkün olduqda, məhkəmə qətnaməsində olan çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Məhkəmə qətnaməni və icra sənədini nəzərdən keçirərkən hər hansı bir qeyri-müəyyənliyin olmasını müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-898/2018 nömrəli, 08 fevral 2019-cu il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin ərizəsi təmin edilməməlidir. Məhkəmə ərizəni təmin etməyərkən onu da qeyd edir ki, hazırda mübahisəli mənzildə digər şəxslərin məskunlaşması və onların mənzildən könüllü şəkildə çıxmaması, tələbkara həmin şəxslərə qarşı mənzilin boşaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-898/2018 nömrəli, 08 fevral 2019-cu il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-584/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-584/2023
13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver