Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-593/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, X1 iştirakı ilə İcra sənədi üzrə X2 tərəfindən verilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)- 3685/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 28.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 174 manat olmaqla, cəmi 28.174 manat məbləğində pulun iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin üzrə borcun ilkin olaraq 2.000 manat və hər ay 200 manat sabit pul məblğində olmaqla hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin icrasını təmin etmək hazırda imkanı xaricindədir. Rəsmi iş yerinin olmadığından, fərdi qaydada əməklə məşğul olduğundan xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus icarəsində olan təmir sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Tələbkar məxsus mebel sənayesində istifadə olunan və onun sifarişi əsasında hazırlanan “CNC” dəzgahının və sair sahibkarların məhsullarının yanması nəticəsində ümumilikdə ona 290.000 manat zərər dəymişdir. Hazırda Bakı Kommersiya Məhkəməsində "Alatava Avtonəqliyyat 2” ASC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddia tələbi üzrə işə baxılmaqdadır. Hazırkı qətnamənin icrası ilə əlaqədar məhkəməyə məlum edir ki, qeyd olunan qətnamənin icrasını həyata keçirmək üçün tələbkara ilkin olaraq 2.000 (iki min) manat ödəniş etmək imkanına malikdir. Daha sonra isə hər ay sabit məbləğdə 500 (beş yüz) manat olmaqla ödənişi həyata keçirə bilər. Gələcəkdə zərərin ödənilməsi ilə bağlı iddia tələbi təmin olunduğu təqdirdə tələbkarın pulu tam şəkildə ödənilməklə işin icrası yerinə yetirilməlidir. Məhkəmə iclasında iştirak edən X2 izahat verərək bildirir ki, o, tələbkarla əlaqə saxlayaraq razılaşmaq istəmişdir, lakin tələbkar razılaşmır və barışığa gəlmir. Hazırda Bakı Kommersiya Məhkəməsində də tələbkarla mübahisəsi vardır. Ərizə təmin olunarsa 2.000 manat pulu dərhal ödəyə bilər. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş edir. İcra sənədi üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından müəyyən olunur ki, icra sənədi üzrə X3 28.000 manat borc və 174 manat ödənilmiş dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. Borclunun ödəniş etməsi barədə hər hansı məlumat və ya sübut yoxdur. Məhkəmə borclunu dinləyib ərizəni və ona əlavə edilmiş sənədləri, icra işi materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair borclunun ərizəsinə baxarkən borclunun mənafeyi ilə yanaşı, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 28.000 manat borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə ziddir və qətnamənin icra edilməməsi tələbkar üçün əlverişsizdir. Tələbkar tərəfindən isə qətnamənin hissə-hissə icrasına onun razılığını ifadə edən ərizəsi daxil olmamaışdır. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyinin müdafiəsi baxımından borclunun ərizəsi təmin edilə bilməz. Belə ki, borcun bu qaydada hissəvi icrası qətnamənin daha gec icra edilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına mane törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231-ci, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-593/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-593/2023
10.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver