Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-596/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi (tələbkar) X2 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X2 ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8981/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 3553 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 203,6 faiz artımı (3553 AZN x 203,6 % = 7233,90 AZN) nəzərə alaraq cəmi 10786,90 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8981/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1, Borclu2 və Borclu3 Gülbala qızından cəmi 3553 manat məbləğində pul müştərək qaydada tutularaq X1 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 3553 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8981 /2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 3553 manat məbləğ indeksləşdirilərək, 2014-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 203,6 faiz artımı (3553 manat x 203,6 % = 7233,90 manat) nəzərə alaraq cəmi 10786,90 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Daha sonra ərizəçi (tələbkar) X2 AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda indeksasiya olunması barədə ərizəsində dəqiqləşdirmə zərurəti yaranmışdır. Belə ki, icra vərəqəsi üzrə cəmi 170,18 manat ödəniş olunmuşdur. Hazırki, işə baxılarkən icra vərəqəsi üzrə olan ödənişi nəzərə alaraq qalan ödənilməmiş 3382,82 manat məbləğin pulun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin tələbkar AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş çoxluğu ilə əlaqədar üzürlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin iş üzə zəruri sənədləri ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq, işə onların iştirakı olmadan baxaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri və icra işini araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8981/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu1, xx.xx.1973-cü il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan Borclu2 oğlundan və xx.xx.1959-cu il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan Borclu3 Gülhaba qızından 2520,00 (iki min beş yüz iyirmi manat 00 qəpik) manat məbləğində əsas borc, 1012.00 (min on iki manat 00 qəpik) manat məbləğində cərimə və 21.00 (iyirmi bir manat 00 qəpik) manat dövlət rüsumu, ümumilikdə 3553,00 (üç min beş yüz əlli üç manat 00 qəpik) manat məbləğində pulun xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Bakı şəhəri, Hüseyn Cavid prospekti, 50/14 qeydiyyatda olan kreditor X1 xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusu üzrə cavab məktubuna əsasən 2014-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək bəzi qida məhsullarının orta aylıq pərakəndə satış qiymətləri və istehlak qiymətləri indeksləri haqqında məlumat verilmişdir. 2014-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək inflyasiya faizi 72% təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına - əzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Məhkəmə qeyd edir ki, ərizəçinin tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8981/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri üzrə borclular Borclu1, Borclu2 və Borclu3 Gülbala qızından iddiaçı (tələbkar) kimi ona ödənilməli olan 3382,82 manat pul məbləğinin 203,6% indeksasiya olunmasından ibarətdir. Araşdırılmış sübutlarla, icra vərəqəsi üzrə cəmi 170,18 manat ödəniş olunduğu müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş istehlak qiymətləri indeksi haqqında xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, 2014-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək inflyasiya faizi 72% təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, həmin məhkəmə əmri üzrə borclular Borclu1, Borclu2 və Borclu3 Gülbala qızından tutulmalı olan qalıq borc - 3382,82 (üç min üç yüz səksən iki manat səksən iki qəpik) manat indeksasiya edilməklə 3382,82 manat x 72%:100%= 2435,63 (iki min dörd yüz otuz beş manat altmış üç qəpik) manat həcmində icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 231,232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8981/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri üzrə borclular Borclu1, Borclu2 və Borclu3 Gülbala qızından tutulmalı olan cəmi 3382,82 (üç min üç yüz səksən iki manat səksən iki qəpik) manat indeksasiya edilməklə 2435,63 (iki min dörd yüz otuz beş manat altmış üç qəpik) manat həcmində icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-596/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-596/2025
26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver