Məhkəmə qərarları › İş №8(004)-614/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-614/2023

17.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-614/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5994/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iicra məmurunun icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5994/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən başalayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, borclu alimenti ödəmirdi. O, müvafiq orqanlara müraciət etdikdən sonra borclu avqust ayından etibarən ümumilikdə aliment borcundan 570 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, səhhətində problem yarandığından alimenti ödəyə bilmirdi. Hal-hazırda işləyir və artıq aliment borcundan 570 manat pul ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru MƏHKƏMƏ iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin şəxsin təqdimatla bağlı fikirlərini dinləyib, təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5994/2022 saylı icra sənədinə əsasən Borclu 09 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu tələbi könüllü icra etməsi təklif olunmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş təqdim edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərara əsasən borclunun məcburi gətirilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Məhkəmə iş materiallarını araşdırıb borclunun məhkəmə iclasında iştirak etməsini və icra sənədinə öz münasibətini bildirməsini, icra sənədi üzrə borcun bir hissəsini ödəməsini nəzərə alaraq hesab edir ki, Borclu Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət qalmamışdır, bu səbəbdən verilmiş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5994/2022 saylı icra sənədinin icrası məqsədi ilə Borclu məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar