Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-618/2025 22.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi (tələbkar) Məmmədova (Axundova) Rəbiyyə Telman qızının iştirakı ilə, Tələbkar Məmmədova (Axundova) Rəbiyyə Telman qızının yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Məmmədova (Axundova) Rəbiyyə Telman qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 6031/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 155 manat, cəmi 310 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6031/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 155 manat, cəmi 310 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Övladları böyüyür və onlar böyüdükcə gündəlik zəruri ehtiyacları da artır. Övladları məktəb yaşındadırlar və onların təhsilinə çox ciddi yanaşmaq lazımdır. Bundan başqa, uşaqların sağlamlığı üçün lazım olan dərmanlar, həkim müayinələri və digər tibbi xərclər də mütəmadi olaraq ortaya çıxır. Həmçinin, uşaqların sağlam qidalanmaları ilə bağlı ehtiyacları da böyüdükcə artıb. Habelə, mövsüm dəyişdikcə daha çox geyim eşyalarına ehtiyac yaranır. Artıq böyüdükləri üçün keçən ilin geyimlərini istifadə etmək olmur, tez-tez yenilərini almaq məcburiyyətindədir. Hər dərs ilinin əvvəlində məktəb forması, çanta, dəftər-qələm və digər məktəb ləvazimatları üçün də ciddi xərc çıxır. Eyni zamanda, övladlarının əyləncəsi, asudə vaxtının düzgün təşkili üçün də pul xərcləmək lazım gəlir. Bütün bunlar onların həm sosial, həm psixoloji inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də bir valideyn olaraq övladlarının hərtərəfli inkişafına şərait yaratmalıdırlar və yaranan bütün zəruri xərclər də qarşılanmalıdır. Ata bütün bu xərclərin qarşılanmasında demək olar ki, iştirak etmir. Övladları ilə mütəmadi görüşmür. Borclunun hal-hazırda övladlarının zəruri ehtiyaclarını qarşılamaq üçün kifayət qədər gəliri vardır. Hər iki övladının bütün bu xərclərini təkbaşına və cəmi 310 manat alimentlə qarşılamaq onun üçün çox çətindir. Mövcud aliment məbləğ iki uşaq üçün həddindən artıq azdır və övladları böyüdüyü üçün bütün zəruri ehtiyacları qarşılamağa demək olar ki, kifayət etmir. Ona görə də alimentin artırılmasına ehtiyac var. Bu, övladlarının gələcəyi və yaxşı böyüməsi üçün çox vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) Məmmədova (Axundova) Rəbiyyə Telman qızı ərizəni müdafiə edərək, məhkəmədən onun təmin olunmasını xahiş etdi. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6031/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Borclu ilə Məmmədova (Axundova) Rəbiyə Telman qızı arasında 10 noyabr 2010-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1517 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 17.01 2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anası X5 yanında qalması, Borclu xx.xx.2018-ci il tarixdən hesablanmaqla 17.01 2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə hər ay hər uşaq üçün 155 manat məbləğində alimentin tutularaq, X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6031/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 155 manat məbləğdə müəyyən edilmişdir. Hazırda Məmmədova (Axundova) Rəbiyyə Telman qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6031/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin indeksasiya olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6031/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 155 manat məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” xx.xx.2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci ilin yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Belə olan halda, qətnamə ilə tutulan 155 manat məbləğdə aliment 2018-ci il üçün minimum əmək haqqının 1,2 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6031/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6031/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu 17.01 2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 155 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-618/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-618/2025
22.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver