Məhkəmə qərarları › İş №8(004)-627/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-627/2023

26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-627/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Tələbkar, Borclunun nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4411/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X4 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4411/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4411/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən hesablanmaqla dörd uşağın saxlanması üçün hər ay cəmi 300 manat aliment pulu tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2020-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Hazırda 6000 manat aliment borcu vardır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, kirayə qalır. Xərcləri çatdıra bilmir. Buna görə də aliment borcunun ödənilməsinin təmin edilməsi üçün məcburi icra tədbirlərinin görülməsini, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi X2 izahatında bildirmişdir ki, tələbkar bildirir ki, kirayə qalır, çatdıra bilmir. Belə ki, kirayənin onların ödədiyi alimentlə ödəyir. Əgər baxa bilmirsə, 4 uşaqdan ikisini onlara versin, ikisi özündə qalsın. Məhkəmə gedərkən hətta ona təklif olunmuşdu ki, gəlib onların evində qalsın lakin ona da razı olmadı. Hazırda qardaşı evlidir və yoldaşı da hamilədir. 5700 manat aliment borcunu ödəməyə imkanı yoxdur. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə gəldikdə isə məhdudiyyət qoyulsun. Heç bir problem yoxdur. Onsuz da qardaşı ölkə hüdudlarını tərk etmir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin Bakı şəhəri Yasamal rayon İcra şöbəsi nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və icra işində olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4411/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Borclu hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4411/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu bildirişi xx.xx.2022-ci il tarixdə imza etməklə almışdır. İş materiallarında olan Borclu xx.xx.2022-ci il tarixdə bakı şəhəri Yasamal Rayon İcra şöbəsində verdiyi izahatından görünür ki, icra sənədi barədə xəbərdardır. Tam şəkildə borcu bağlamağa imkanı yoxdur. İcra sənədi üzrə bugünədək cəmi 300 manat ödəmişdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. İş materiallarında olan Tələbkar Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4411/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu ona 6000 manat aliment borcu ödənilməlidir. Bu səbəbdən məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə ötən müddət ərzində hansı icra hərəkətlərinin aparılmasını və onların nəticələrini yoxlayaraq belə nəticəyə gəlir ki, borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək borcun ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun tələbkara olan borcu kifayət qədər böyük məbləğdir. Belə ki, Borclu ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən çıxmasına məhdiyyət qoyulması üçün məhkəmə baxışı zamanı prosessual və maddi hüquqi əsaslar müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar