Məhkəmə qərarları › İş №8(004)-638/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-638/2022

20.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-638/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, İş üzrə borclu X2 nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkət (hərəkətsizliyindən) verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Yasamal Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkətsizliyinin qanunsuz sayılması və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X9 cavabdehlər X4 və X7 qarşı “dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödədiyi 50.500 manat və həmin mənzilin təmirinə çəkdiyi 37.912 manat məbləğində maddi ziyanın, cavabdehlərdən tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin iş № 2 (004)-11919/ 2016, 26 oktyabr 2016-cı tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X1 və X3 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla cəmi 88.412 manat məbləğində pul alınıb iddiaçı X10ma ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2( 103)-8320/2017, 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında iş icraya yönəldilmiş və Yasamal rayon İcra şöbəsinin icra məmuru işi icraata götürmüşdür. 19 dekabr 2018-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsini icra məmuru Məmməd Bayramov ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi, Yeni şəhər ev 10, 9 saylı mənzilin ona xəbər vermədən qiymətləndirməyə göndərmişdir. Sözügedən mənzil "xxxx" MMC-nin 1971 saylı 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95000 manat məbləğində qiymətləndirilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin rəis vəzifəsini icra edən Rəşad Abbasov qiymətləndirilmiş əmlakı qanunsuz və əsassız olaraq X8 22 yanvar 2019-cu il tarixdə təklif etmiş, həmin gün də S.O.Kərimovanın nümayəndəsi Z.M.Məmmədov təklifi qəbul etmişdir. 12 mart 2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru qərar qəbul etmişdir ki, mübahisə predmeti olan mənzil borcun ödənilməsi hesabına iş üzrə tələbkar X5 verilsin və onun adına rəsmiləşdirilməsi "xxxx" MMC-yə həvalə edilsin. Həmin qərarda göstərilir ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir. Həmin qərara istinad edərək borclu sabiq həyat yoldaşı X6 da borcu 95000 manat məbləğdən verilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sabiq həyat yoldaşının Quliyeva Sonanın və onun ailə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmamış, mənzil onun vəsaiti hesabına alınmışdır. İddiaçının qızının cavabdeh kimi iddianı qəbul edib etiraf etməsi məqsədli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər və lakin borclu X2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayətə iş üzrə tərəflər və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və icra işinin materiallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, X2 nümayəndəsi Nümayəndə şikayətində 12 mart 2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurunun mübahisə predmeti olan mənzilin borcun ödənilməsi hesabına iş üzrə tələbkar X5 verilməsini və onun adına rəsmiləşdirilməsinin "xxxx" MMC-yə həvalə edilməsini qərara aldığını, həmin qərarda sözügedən mənzilin birgə nikah dövründə əldə edildiyinin göstərildiyi, həmin qərara istinad edərək borclu sabiq həyat yoldaşı X6 da borcunun 95000 manat məbləğdən verildiyini qeyd etsə də, Yasamal rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edildiyini, sabiq həyat yoldaşının Quliyeva Sonanın və onun ailə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmadığını, mənzil onun vəsaiti hesabına alındığını, iddiaçının qızının cavabdeh kimi iddianı qəbul edib etiraf etməsinin məqsədli olduğunu bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən icra məmurunun hərəkət və hərəkətsiziliyinin qanunsuz olması halları müəyyən edilməmişdir. Həmçinin şikayətçi işə xitam verilməsini xahiş etsə də, hansı əsaslarla xitam verilməli olduğunu göstərməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə borclu X2 nümayəndəsi Nümayəndə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun hərəkət (hərəkətsizliyindən) verdiyi şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar