Məhkəmə qərarları › İş №8(004)-662/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-662/2022

03.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-662/2022 03.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Yasamal rayon icra şöbəsinin icra məmuru X2, X1 nümayəndəsi və vəkili Vəkil1, Tələbkar Friddun qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-227/2021 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-227/2021 saylı icra sənədinin hər ay 1000 (bir min) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-227/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 12 nömrəli mənzilə görə ödənilmiş aylıq vəsaitlərin ½ hissəsi — 19575 manatın cavabdeh X4 tutularaq iddiaçı Tələbkar Friddun qızına ödənilməsi, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 12 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin 1/2 hissəsi — 22514,50 manatın cavabdeh X4 tutularaq iddiaçı Tələbkar Friddun qızına ödənilməsi, cavabdeh X5 31 dekabr 2019-cu il tarixə Azərbaycan Beynalxalq Bankında olan manat və xarici valyuta hesablarında olan vəsaitlərin (******************** saylı GW hesabında qalıq 1210,15 İngiltərə funt sterlinqi, ******************** saylı AZN hesabında qalıq 645,26 manat, ******************** saylı EUR hesabında qalıq 54,8 Avro) 1/2 hissəsi 05,08 GW, 322,63 manat, 27,40 Avro tutularaq iddiaçı Tələbkar Friddun qızına ödənilməsi, 605,08 GW və 27,40 Avro məbləğlərinin qətnamənin icra olunduğu tarixə Mərkəzi Bankın həmin valyutaların Azərbaycan manatı ilə müəyyən olunmuş məzənnəsinə uyğun olaraq manatla tutulması, iş üzrə keçirilmiş ekspertiza xərcinin 112,50 manatının cavabdeh X4, 37,50 manatının iddiaçı Tələbkar Friddun qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Bildirmək istəyir ki, hal-hazırda qatnamənin icrası Yasamal Rayon İcra va Probasiya Şöbəsinin icraatındadır. Qeyd edir ki, o, iddiaçı Tələbkar Friddun qızına olan borcunu bir dəfəyə ödəmək imkanı olmadığından hər ay hissə-hissə ödəyə bilər. Belə ki, sözü gedən məbləğin xeyli hissəsini, təxminən 10000 (on min) manatını könüllü şəkildə hissə-hissə ödəmişdir. Aylıq əmək haqqı 3400 (üç min dörd yüz) manat təşkil edir. Odur ki, o, sözü gedən borc məbləğini hissə-hissə 1000 (bir min) şəklində ödəmək iqtidarındadır. Bundan başqa, mübahisə predmeti olan mənzilə dair 25 illik ipoteka kredit ödənişi-1450 (bir min dörd yüz alli) manat məbləğində pul vəsaitini ödəyir, yaşayış minimumu və xərclərini yalnız özü qarşılayır. Nəzərə çatdırır ki, o, borcun ödənilməməsində qərəzli mövqeyi yoxdur, sadəcə hal-hazırda bu qədər pul məbləğini birdəfəlik ödəmək imkanı olmadığından qətnamə üzrə borcun hər ay hissə-hissə 1000 (bir min) manat mabləğində ödənilməsini qanunamüvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil1 ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar Friddun qızının nümayəndəsi və vəkili Vəkil2 ərizəyə etiraz edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-227/2021 saylı, 13 avqust 2021-ci il tarixli qatnaməsi ilə borclu Emil İmamov Tələbkar təxminən 45000 manat ödəməlidir. Borclu icra sənədi üzrə cəmi 4500 manat ödəniş etmişdir. Borclunun aylıq əmək haqqı 3400 manat təşkil etsə də, digər gəlirləri də vardır. Adında olan əmlakları icra sənədini icra etməsin deyə digər şəxslərin adına rəsmiləşdirmişdir. Bu günədək əmək haqqına yönəlmə olmamış, adında olan ümumi dəyəri təxmini 2000 manat olan əmlak hələ də qiymətləndirilməmişdir. Borclu bilərəkdən məhkəmə qətnaməsi əsasında ödəməli olduğu borcu ödəmir, süründürməçiliyə yol verir. Tələbkar qətnamə üzrə hər ay 1000 manat ödənilməsi ilə razılaşmır, bu icra sənədinin 40 aydan çox müddətə icrası deməkdir, bu isə tələbkarın mənafelərinə uyğun deyil. Bu səbəbdən ərizənin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 227/2021 saylı, 13 avqust 2021-ci il tarixli qatnaməsi ilə borcludan cavabdehin xeyrinə 45000 manat tutulmalıdır. Həmin məbləğdən bugünədək cəmi 4500 manat ödəniş edilmişdir. Borclunun adına torpaq sahəsi aşkar olunmuşdur, qiymətləndirmə keçiriləcəkdir. Hələ ki, əmək haqqına yönəltmə edilməmişdir. Ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni, ona əlavə olunan sənədləri və icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-227/2021 saylı, 13 avqust 2021-ci il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 1000 manat ödənilməsi tutulması qərara alınmış məbləğin (qalıq təxmini 40000 manat) 3 ildən artıq müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-227/2021 saylı, 13 avqust 2021-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar