Məhkəmə qərarları › İş №8(004)-688/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-688/2023

17.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-688/2023 17.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi Şikayətçi Borclu iştirakı ilə, Şikayətçi Borclu tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi üzrə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “digər valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1142/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Sözügedən qətnamə üzrə icra sənədi xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. Şikayətçi Borclu tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarından şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən geri qaytarmalı olduğu halda geri qaytarmamış, icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bundan əlavə, Borclu müvafiq qərar üzrə “borclu” kimi qeyd edilmişdir Şikayətçi Borclu Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarından verilmiş şikayət üzrə buraxılmış müddətin bərpasına dair ərizəni məhkəməyə təqdim etmişdir. İş materiallarına Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı və müvafiq bildiriş əlavə edilmişdir. Borclu, tələbkar və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi hesab olunurlar. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, icraatda tərəflər tələbkar və borcludur. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Müəyyən edilir ki, yuxarıda qeyd olunan hüquq normaları əsas götürülməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2023-026 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qanuni qərar qəbul edilmiş və müvafiq bildiriş əsaslı olaraq Borclu təqdim edilmişdir. İcra orqanının hərəkətləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə, qanunla imperativ qaydada müəyyən edilmiş norma və tələblərə uyğun şəkildə həyata keçirilmişdir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə şikayətçinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Şikayətçi tərəfindən hakimə edilmiş yazılı etiraz əsaslandırılmamış, mülki prosessual qanunvericiliklə hakimə etiraza səbəb olan hallar qeyd edilməmişdir. Bu səbəbdən, etiraza əsas olan hallar müəyyən edilmədiyindən və etiraz tam əsassız olduğundan baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Şikayətçi tərəfindən həmçinin, şikayət ərizəsi əsaslandırılmamış, şikayətin maddi hüquqi əsası bildirilməmişdir. Hüquqdan sui-istifadə yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda göstərilən hüquqi mövqe nəzərə alınmaqla, məhkəmə hesab edir ki, şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar