Məhkəmə qərarları › İş №8(004)-720/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-720/2022

24.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-720/2022 24.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Tələbkar iştirakı ilə X1 və X6 tərəfindən verilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3163/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8022/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinin hissə-hissə icra edilməsinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh X3 18000 (on səkkiz min) manat və cavabdeh X2 9000 (doqquz min) manat məbləğində pul iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8022/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-3163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə tutulan pulun məbləği 2588 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X1 və X6 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3163/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8022/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinin hissə-hissə icra edilıməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti pisdir. Qətnaməni birdəfəyə tamamilə icra etməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirir ki, o, pulu borclulara hissə-hissə verməmişdir ki, hissə-hissə də alsın. Qətnamənin hissə-hissə icra edilməsinə razı deyildir. Hazırda onun evi yoxdur, kirayədə yaşayır. Əgər borclunun maddi imkanı yoxdursa, evini satıb borcu ödəsin. Ərizənin rədd edilməsini xahiş edir. İcra sənədi üzrə borclulara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borcluların və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borcluların və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlk növbədə ərizədə qətnamənin hansı qaydada hissə-hissə icra edilməsi qeyd edilməmişdir. Bundan əlavə, borclular xahişini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Habelə, məhkəmə hesab edir ki, yaranan borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə ziddir. Belə ki, borcun bu qaydada hissəvi icrası qətnamənin daha gec icra edilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231-ci, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 və X4 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3163/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8022/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar