Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-721/2022 20.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3877/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3877/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, X3 1608 (bir min altı yüz səkkiz) manat əsas borc və 60 (altmış) manat cərimə olmaqla, cəmi 1668 (bir min altı yüz altmış səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37.68 (otuz yeddi manat altmış səkkiz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3877/2022 saylı Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ondan tələb olunan cəmi 1668 manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 37,68 manat dövlət rüsumunun hissə-hissə ayda 50 manat olmaqla icra olunmasına və icra vərəqəsinin icra üsulunun dəyişdirilməsinə dair müvafiq qərar qəbul etməklə iş üzrə yeni icra vəqəsəsi verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 27 iyul 2022-ci il tarixli, 2(004)-3877/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xudayev Kərim Bahəddin oglu) iddiaçı '’SOUND.Az" MMC-nin ona qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, ondan 1608 manat əsas borc və 60 manat cərimə olmaqla, cəmi 1668 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi kimi 37,68 manat pul tutularaq ”SOUND.Az” MMC-yə ödənilməsi qət edilmişdir. İş üzrə Yasamal rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. İş üzrə Yaşama rayon icra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu olduğu cəmi 1668 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi kimi 37,68 manat pulun tam olaraq iddiaçıya ödəmək imkanında deyildir. Hal-hazırda işsizdir və maddi durumu cox çətin vəziyyətdədir. Səhhətində ciddi problemləri vardır, ürək xəstəliyi nəticəsində ayaqları tutulmuş, hazırki vəziyyətdə hərəkətsiz qalmışdır. Hazırki icra sənədini hər ay sabit pul məbləğində 50 manat ödəmək imkanındadır. Hesab edir ki, məhkəmə qətnamənin hissəhissə icrasını yerinə yetirmək üçün icra sənədinin yerinə yetirmək üçün icra sənədinin icrasını dəyişməli və bu barədə yeni icra sənədi verməlidir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, (həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmiş), lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə müvafiq ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3877/2022 nömrəli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 50 manat olmaqla hissəhissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 50 manat ödənilməsi tutulması qərara alınmış məbləğin (cəmi 1705,68 manat) üç ilə yaxın müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Bundan başqa borclu səhhətində yaranmış ciddi problemlərlə bağlı maddi vəziyyətinin yaxşı olmadığını və borcu tam şəkildə ödəyə bilmədiyini qeyd etsə də, bununla bağlı ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)-3877/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-721/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-721/2022
20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver