Məhkəmə qərarları › İş №8(004)-745/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-745/2023

12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-745/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 15 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 24 noyabr 2023-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 15 dekabr 2020-ci il tarixli “icra sənədinin qaytarılması” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 11669/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə kreditor "xxxx" QSC-nin ərizəsi təmin olunaraq Borclu cəmi 324,68 (üç yüz iyirmi dörd manat 68 qəpik) manat məbləğində borcun tutularaq Banka ödənilməsi əmr edilmişdir. Borclu barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Yasamal rayon İcra şöbəsinə müraciət olunmuşdur. İcra şöbəsindən xx.xx.2023-cü il tarixdə Banka rəsmi məlumat verilərək bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 11669/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra məmuru Aslan Aslanbəyli tərəfindən xx.xx.2020-ci tarixdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara almışdır. Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2020-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd etsə də, görülmüş qanunamüvafiq tədbirlər barədə tələbkar məlumatlandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar "xxxx" QSC – nin nümayəndəsi, Borclu və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11669/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 324,68 manat pul tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 15 dekabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Borclu 324,68 manat pul tutularaq "xxxx" QSC-yə ödənilməlidir Qeyd olunan icra sənədi üzrə Yasamal rayon icra Şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı ünvana tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından və avadanlıqlarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin, “Elektron icra” informasiya sistemi vasitəsilə aparılmış icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11669/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X1 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır.https://eqanun.az/framework/1406 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərar qəbul etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan hallar icra sənədini icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması üçün əsas ola bilməz və bu baxımdan qeyd edilən qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11669/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11669/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar