Məhkəmə qərarları › İş №8(004)-762/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-762/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-762/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatına baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclunun Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11292/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 390 ABŞ dolları və 20 manat pul tutularaq BOKT “VİJN FOND AZƏRKREDİT" MMC-yə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınmışdır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri, e157288/2023-53-34-001 saylı icra işini araşdıraraq hesab edirəm ki, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsinə dair icra məmurunun təqdimatı əsassızdır və rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, icra məmuru iş üzrə borclunun onun çağırışlarına gəlməməsini təqdimatda qeyd etsə də, iş üzrə borclunun İcra Şöbəsinə çağırılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Təqdimat rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 8(004)-762/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhərində məhkəmənin binasında baxaraq təqdimatın rədd edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar