Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-81/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Tələbkar1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və hərracın nəticələri etibarsız hesab edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, adıçəkilən sənədlər əsasında mübahisə predmeti olan mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ **********98-05302- 093117 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 4128/2022 saylı icra vərəqəsində sözügedən çıxarışa münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(004)-4128/2022 saylı icra vərəqəsinin icrasına maneələr yarandığını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsini rəhbər tutaraq, daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" ASC-nin adına verilmiş **********98-05302- 093117 reyestr nömrəli çıxarışın ləğvinə münasibət bildirilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4128/2022 saylı icra vərəqəsinin izah edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 izahat verərək bildirir ki, borcu tam ödəmiş, həmçinin ona girovdan azad edilmə barədə sənəd verilmişdir. İcra sənədi üzrə borcluya və icra məmuruna, həmçinin ərizə vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Tələbkar2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və hərracın nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş Maraqlı şəxs BOKT ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, Maraqlı şəxs BOKT ASC ilə Tələbkar1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00158-EY saylı kredit müqaviləsinə əsasən verilmiş 8.000 manat məbləğində kredit üzrə borc Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsində də müəyyən edildiyi kimi tam şəkildə ödənilmişdir. İş materialları, həmçinin iddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdeh "xxxx" MMCyə qarşı “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış müqavilənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsindən müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 552/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərrac protokolunun, həmin protokol əsasında xx.xx.2021-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin və hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Bunun əsasında qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-4128/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də iddia tələbinin hər birinə ayrılıqda münasibət bildirilmiş və əsaslandırılmışdır. Lakin, iddiaçılar ipoteka predmeti olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə **********98-05302-093117 reyestr nömrəli çıxarışın mübahisələndirilməsinə dair iddia tələbi irəli sürmədiyindən məhkəmə həmin sənədə bilavasitə münasibət bildirməmişdir. Belə ki, MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, qətnaməyə iddia tələbi ilə mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən qiymət verilməmiş və ya anlaşılmaz qalmış məsələyə izah verilə bilər. Hazırkı halda ərizəçinin tələbi isə iddiaçılar tərəfindən mübahisələndirilməmiş hüquqi sənədə - çıxarışa münasibət bildirilməsidir. Məhkəmə ərizədə göstərilənlərə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, qətnaməyə əsasən mübahisələndirilən müqavilə və hərracın nəticələri etibarsız hesab edilmişdir. Dolayısı ilə qanunvericiliyin tələbinə əsasən müqavilə etibarsız hesab edildikdə onun hüquqi nəticələri də etibarsız hesab edilir. Hazırkı iş üzrə ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin ipoteka saxlayan "xxxx" ASC mülkiyyətinə keçməsinə əsas olmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 552/21 nömrəli protokol və həmin protokol əsasında "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə etibarsız hesab edildiyindən, onun hüquqi nəticəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə **********98-05302-093117 reyestr nömrəli çıxarış özü-özlüyündə etibarsızdır. Məhkəmə tərəfindən hərracın nəticələri hesab edildiyindən müqavilədən bilavasitə və ya dolayı yolla doğan bütün nəticələrin – hüquqi sənədlərin və hüquqların (həmçinin çıxarışın) etibarsız hesab edilməsi nəzərdə tutulur. Belə ki, Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-81/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-81/2024
06.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver