Məhkəmə qərarları › İş №8(004)-824/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-824/2025

11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-824/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, X1 nümayəndəsi Nümayəndə, Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 tərəfindən Ordubad Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Taleh Səfərovun hərəkətsizliyindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il oktyabr ayından (2025-ci il noyabr ayı daxil olmaqla) bu günə qədər Ordubad rayon icra və Probasiya şöbəsinin icra məmuru cənab Taleh Səfərovun hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ödənilməmiş alimentin ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, icra sənədi üzrə 22900 manat ödənilməmişdir. Belə ki, borclu tələbkarın hesabına pul köçürəndən sonra mobil tətbiq vaitəsi ilə həmin pul vəsaitini yenidən öz hesabına köçürmüşdür. Tələbkarın kartı 10-15 gün borcluda qalmışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, aliment borclarını ödəmişdir, lakin daha sonra tələbkar tərəfindən pul yenidən ona qaytarılmışdır. Məhkəmə şikayət ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, şikayət və əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə işin ərazi aidiyyatı üzrə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Borclu işin ərazi aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarını analogiya üzrə tətbiq edərək, qeyd edir ki, borclu izahatında icra sənədi üzrə borcunu ödədiyini, tələbkar isə borcun ödənilmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun iştirakını təmin etmək məqsədilə baxış iclasını təxirə salmış, lakin icra məmuru ikinci məhkəmə iclasında da iştirak etməmişdir. Bununla da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda göstərilən halların intensiv araşdırılması üçün icra məmurunun məhkəmə iclasında iştirakı vacibdir. Hazırda tələbkar Ordubad Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Taleh Səfərovun hərəkətsizliyindən şikayət verdiyinə və icra məmurunun olduğu yer Ordubad Rayonu olduğuna görə məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 tərəfindən Ordubad Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Taleh Səfərovun hərəkətsizliyindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-554/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 tərəfindən Ordubad Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Taleh Səfərovun hərəkətsizliyindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar