Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-831/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Bakı şəhəri Yasamal Rayon İcra və probasiya şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillər boşaldılaraq, Tələbkar həmin mənzillərə köçürülməli, Tələbkar sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlər cavabdehlərə qadağan olunmalıdır. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd olunan icra sənədinin geri qaytarılması qərara alınmışdır. Tələbkar həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini və icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, icra məmurları icra icraatı zamanı qətnamədə göstərilən ünvanlarda olmuş, həmin ünvanların başqa şəxslərə satıldığı, mənzillərin təmirli olduğu, həmin mənzillərdə başqa şəxslərin yaşadığı məlum olmuş və bu barədə akt tərtib edilmişdir. İcra sənədlərində isə borclu qismində yalnız X9 və X7 qeyd edilmişdir. 2007-ci ilin may ayında imzalanmış müqaviləyə əsasən 22 nömrəli mənzil X4, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 24A nömrəli mənzil X5, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 25 nömrəli mənzil X6, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 26 nömrəli mənzil X3, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 75 nömrəli mənzil X2. Göstərilən səbəblərdən icra məmuru icra sənədinin icrasının mümkün olmaması qənaətinə gəlmişdir. Göründüyü kimi, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü barədə qənaətə gələrkən icranın hüquqi əsasını təşkil edən məhkəmə qətnaməsində cavabdeh kimi adları göstərilən şəxslərin tələbkara təhvil veriləcək mənzillərdə yaşamadıqları, həmin mənzillərdə başqa şəxslərin yaşadıqları faktına istinad etmişdir. Əvvala, icra məmuru qərarında mənzillərdə başqa şəxslərin yaşaması faktına istinad etsə də, qeyd etdiyi başqa şəxslərin şəxsiyyəti barədə hər hansı rəsmi məlumatı icra işinə əlavə etməmiş və bunu aktla rəsmiləşdirməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, mənzildə məhkəmə qətnaməsində adı çəkilməmiş hər hansı insan, əşya yaxud heyvanın olması icrası məcburi olan məhkəmə qətnaməsinin icra olunmaması üçün əsas deyildir. Ona görə də məhkəmə qətnaməsinin icrasının məcburiliyi prinsipi nəzərə alınmaqla mənzildə qanunsuz yaşayan istənilən şəxs əşyaları ilə mənzildən çıxarılmaqla mənzil tələbkara təhvil verilməli idi. Məcburi icra tədbirlərini həyata keçirən icra məmuru nəzərə almamışdır ki, iddia tələblərini təmin edən məhkəmə qətnaməsinin “qət etdim” hissəsində Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25,22, 24A, 26 və 75 saylı mənzillərin boşaldılması cavabdehlərin adları göstərilməməklə ümumi formada qeyd edilmişdir. Qətnamə ilə cavabdehlərə yalnız iddiaçının sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışlarına maneə yaradan hərəkətlər qadağan edilmişdir. Bu da onu göstərir ki, icra məmuru məhkəmə qətnaməsini düzgün başa düşməmiş, başqa sözlə qətnamə ona aydın olmamışdır. Bununla belə icra məmuru İcra haqqında Azərbaycan Respublikasının Qanununun 14.1 -ci maddəsində nəzərdə tutulmuş vəzifəsinə uyğün olaraq icra sənədinin izah olunması barədə ərizə ilə müvafiq məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdalıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən onu verən orqana geri qaytarıldığından, bu səbəbdən də, icra hərəkətləri davam edilməli olduğundan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru A.Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillər boşaldılaraq, Tələbkar həmin mənzillərə köçürülməli, Tələbkar sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlər cavabdehlərə qadağan olunmalıdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru A.Aslanbəylinin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərarının surətindən görünür ki, 2007-ci ilin may ayında imzalanmış müqaviləyə əsasən 22 nömrəli mənzil X4, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 24A nömrəli mənzil X5, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 25 nömrəli mənzil X6, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 26 nömrəli mənzil X3, 2006-cı ilin fevral ayında imzalanmış müqaviləyə əsasən 75 nömrəli mənzil X1, icranı təmin etmək mümkün olmamış və icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 70,4-cü maddəsinin tələbinə görə icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Beləliklə, məhkəmə icra işi üzrə materialları araşdıraraq belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərarı əsassız olduğuna görə şikayət təmin edilərək, qeyd olunan qərar ləğv edilməli və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20, 26-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-269-cu maddələrini rəhbər tutuaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “İcra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-831/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-831/2022
20.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver