Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-857/2025 28.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12250/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 12250/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş 1432 manat pul məbləğinin indeksləşdirilərək, 2016-cı ilin sentyabr ayından 2025-ci ilin oktyabr ayınadək 174,60 faiz artımı (1432 AZN x 174,60 % = 2500,27 AZN) nəzərə alınmaqla cəmi 3932,27 manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 12250/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli məhkəmə aktına əsasən, Borclu cəmi 1552 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə aktının qanuni qüvvəsini almasına və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə aktı üzrə cəmi 120 manat ödəniş olunmuşdur. Borclu məhkəmə aktı üzrə məbləği zamanında ödəyərək icra etsəydi, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borclunun məhkəmə aktı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə, tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə aktı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ildə oktyabr ayında 2016-cı ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 174,60 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,7 dəfə artmışdır. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada tələbkara, borcluya və Yasamal rayon İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar və ya səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Tələbkar məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, ərizəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2, 232.2-ci maddələrinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 12250/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1970-ci ildə anadan olmuş Borclu kreditor Tələbkar xeyrinə 1177 manat əsas borc, 354 manat cərimə borcu və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1552 manat məbləğində pulun tutulması əmr edilmişdir. İş materiallarında olan “Sunny Electronics” Mağazası Tələbkar tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından, həmçinin icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12250/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə aktına əsasən, Borclu cəmi 1552 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə aktından sonra 120 manat ödəniş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, 2025-ci ilin oktyabr ayında 2016-cı ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 174,60 % təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 74,6 faiz dəfə artmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Qərarda həmçinin qeyd olunur ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Həmin Qanunun 2-ci maddəsində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsası kimi istehlak qiymətlərinin indeksi nəzərdə tutulmuşdur. İstehlak qiymətlərinin indeksi isə əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Beləliklə, yuxarıda qeyd olunan hallar və hüquq normalarının tələbləri nəzərə alınaraq, istehlak qiymətləri indeksini hazırkı icra sənədi üzrə ödənilməmiş borc məbləğinə tətbiq etdikdə, məhkəmə əmrinin qanuni qüvvəyə mindiyi 2016-cı ilin sentyabr ayından 2025-ci ilin oktyabr ayınadək borclu tərəfindən ödənilməmiş pulun indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 1068,27 manat (1432 manat x 174,6% = 2500,27; 2500,27 – 1432 = 1068,27). Ona görə də məhkəmə hesab edir ki, 1432 manat məbləğinin indeksasiyası aparılaraq, tələbkara əlavə olaraq 1068,27 manat pul ödənilməlidir. Lakin tələbkar ərizəsində həm də icra sənədi üzrə tutulmalı 1432 manatı tələb etsə də, məhkəmə qeyd edir ki, hüquqi mexanizm kimi indeksasiyanın təyinatı qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyası olduğundan, ödənilməli pul məbləğinin indeksasiyası aparılarkən yalnız icra sənədi üzrə tutulmalı məbləğdən əlavə olaraq ödənilməli pulun məbləği müəyyən edilməlidir. Bu səbəbdən ərizə qismən təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12250/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ödənilməli olan 1432 manat pul məbləği indeksasiya edilərək, Borclu Tələbkar xeyrinə əlavə olaraq 1068,27 manat pul tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-232, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12250/2016 saylı, 05 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ödənilməli olan 1432 manat pul məbləği indeksasiya edilərək, Borclu Tələbkar xeyrinə əlavə olaraq 1068,27 manat pul tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(004)-857/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-857/2025
28.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver