Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-869/2025 28.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, X2nın, Borclu iştirakı ilə, X2nın Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı qismində cavabdeh Borclu qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(004)-1119/2025 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə təmin olunmamışdır. 22 avqust 2025-ci il tarixində icra sənədi Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevə təhvil verilmiş, lakin qətnamə bu günə kimi icra olunmamışdır. O, sentyabr ayının 8-dən İcra şöbəsinə dəfələrlə gəlmişdir, ağlamışdır, 10 yaşlı oğlu ilə tək yaşadığını, heç bir yerdə işləmədiyini bildirsə də, İlqar müəllim nədənsə icra işini yubatmışdır, o, Şöbə rəisinin qəbulunda olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məktub yazmışdır, yenə də nəticə yoxdur. Halbuki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində aparıcı elmi işçi işləyir, Bakı şəhərində 3 evi var. Onların binasında ona zərər vurduğu, yəni kirayə verdiyi evi 2 aydır təmir etdirib və yenə də kirayə verib. Özü isə Mirzəağa Əliyev 138 ünvanında yaşayır. O, iddiaçı olaraq 04 noyabr 2025-ci il tarixində Ədliyyə Nazirliyinə şikayət etdikdən sonra 05 noyabr tarixində heç bir iş görmək istəməyən icra məmuru İlqar Allahverdiyev ona zəng vurdu, halbuki 3 ayda nə İlqar müəllim, nə də köməkçisi onun yazışmalarına belə cavab verməyib, guya ki, cavabdeh Nailə xanım könüllü gəlib 200 manat pul ödəmək istəyib. İcra məmuru icra sənədinin icrası üçün heç bir tədbir görməyib. Bütün bunları nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun kifayət qədər qazancı və əmlakı olsa da, icra məmuru həmin əmlakın və pul vəsaitlərinin müəyyən edilməsi üçün heç bir tədbir görməyib, icra sənədinin icrası qanunsuz olaraq yubadılır. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, şikayətə etiraz edir. Belə ki, o, hazırda işləsə də, ona xəbərdarlıq edilib, ixtisar prosesi gedir. Bir mənzilini 350 manata kirayə verib. Əgər ixtisara salınmasa, maaşının yarısını borcunu ödəmək məqsədilə verməyə razıdır. Avqust ayından 200 manat ödəniş edib, banka da borcu vardır. Yasamal rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını, şikayətin dəlillərini, şikayətə əlavə olunmuş sənədləri, həmçinin icra işinin materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, şikayət qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1119/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Borclu vurulmuş maddi zərərə görə 3673 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,10 manat pulun alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1119/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, borclu özünə məxsus mənzili 350 manata kirayə vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1119/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmuru İ.Allahverdiyev tərəfindən icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borclunun iş yerinə məktub göndərilmişdir. Lakin icra işinin materiallarından, izahatlardan və iş materiallarındakı müqavilənin surətindən aydın olur ki, icra sənədi üzrə borclunun mülkiyyətində olan əmlakların, borcluya məxsus pul vəsaitlərinin dəqiq müəyyən edilməsi və tələbin ilk növbədə onlara yönəldilməsi üçün icra məmuru tərəfindən hər hansı tədbir görülməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra sənədi üzrə icraat qanunamüvafiq qaydada başladığından, lakin onun icrası üçün indiyə kimi qanunda nəzərdə tutulmuş bütün tədbirlər tam şəkildə görülmədiyindən, şikayət qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 63.1.3-cü maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Qərarda qeyd olunur ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Beləliklə, izahatlara, iş materiallarına, habelə icra işinin materiallarına əsasən məhkəmə iclasında müəyyən edilən halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263- 264, 268-269-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1119/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrası üzrə Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyi (icra sənədi üzrə borclunun mülkiyyətində olan əmlakların, borcluya məxsus pul vəsaitlərinin müəyyən edilməməsi hissəsində) qanunsuz hesab edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(004)-869/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-869/2025
28.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver