Məhkəmə qərarları › İş №8(004)-887/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-887/2025

04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-887/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi borclu X1 iştirakı ilə, borclu X1 qətnamənin icra edilməsinə möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə birinci tələb üzrə iddianın təmin edilməsi, cavabdehlər Borclu və X1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ikinci tələb üzrə iddianın rədd edilməsi qət edilmişdir. Borclu X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1672024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda iddiaçılar X3 və X1 Tələbkar qarşı sənədlərin etibarsız hesab edilməsi barədə iddia tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılır. Ona görə də borclu X2 qətnamənin icrasına 1 il müddətinə möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən borclu X2 ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, qətnamə icraya yönəldilmişdir. Qətnamə artıq icra olunmuş, onlar mənzildən çıxarılmışdır. Lakin hazırda onun və həyat yoldaşının sənədlərin etibarsız hesab edilməsi barədə iddia tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılır. Ona görə ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizənin təmin olunmasını xahiş edir. Tələbkar, digər Borclu və Yasamal rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını, həmçinin icra işinin materiallarını tədqiq edərək müəyyən edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 167/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, birinci tələb üzrə iddianın təmin edilməsi, cavabdehlər Borclu və X1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2, mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ikinci tələb üzrə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, müvəqqəti təminat tədbiri kimi X1 icra sənədi üzrə mənzildən çıxarılmasının Yasamal rayon İcra şöbəsinə qadağan edilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli və digər şəxslər tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-167/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin icrası həmin tarixdə təmin edilmiş, borclu X2 mənzildən çıxarılmış, X2 çıxarkən qızıl-zinət əşyalarını özü ilə aparmış, video görüntü vasitəsilə evə baxış keçirilmiş, hər hansı qızıl-zinət, pul, qiymətli kağız aşkar olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 12-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə, yuxarıda qeyd olunan hallara və sadalanan hüquq normalarının tələblərinə əsasən, məhkəmə müəyyən edir ki, ərizədə qeyd olunanlar qanuni qüvvədə olmaqla icraya yönəldilmiş qətnamənin icrasına möhlət verilməsi üçün əsas ola bilməz, digər tərəfdən borclunun icrasına möhlət verilməsini tələb etdiyi qətnamə artıq icra olunmuşdur, bu səbəbdən hazırda ərizənin təmin edilməsinin hüquqi və məntiqi əsası yoxdur, ona görə də ərizə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar