Məhkəmə qərarları › İş №8(004)-925/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-925/2025

21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-925/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və ödənilməmiş 495,40 manat pul məbləğinin indeksləşdirilərək, 2016-cı ilin iyun ayından 2025-ci ilin oktyabr ayınadək 179 faiz artımı (495,40 AZN x 179 % = 886,77 AZN) nəzərə alınmaqla cəmi 1382,17 manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli məhkəmə aktına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1038,40 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə aktının qanuni qüvvəsini almasına və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı üzrə 543 manat ödəniş olunmuşdur. Borclular məhkəmə aktı üzrə məbləği zamanında ödəyərək icra etsəydi, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə aktı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə, tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə aktı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ildə oktyabr ayında 2016-cı ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 179 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 79,0 dəfə artmışdır. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada tələbkara, borclulara və Yasamal rayon İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq, onlar və ya səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Tələbkar məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, ərizəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2, 232.2-ci maddələrinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə Latviya Respublikasının Riqa şəhərində anadan olmuş, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Borclu1 və xx.xx.1975-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 müştərək qaydada 775 manat məbləğində əsas borc, 233 manat məbləğində cərimə və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1038,40 manat məbləğində pul vəsaitinin tutularaq kreditor Tələbkar ödənilməsi əmr edilmişdir. İş materiallarında olan “Sunny Electronics” Mağazası Tələbkar tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli məhkəmə aktına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1038,40 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə aktından sonra olan ödəniş 543 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, 2025-ci ilin oktyabr ayında 2016-cı ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 179 % təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 79 faiz artmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Qərarda həmçinin qeyd olunur ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Həmin Qanunun 2-ci maddəsində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsası kimi istehlak qiymətlərinin indeksi nəzərdə tutulmuşdur. İstehlak qiymətlərinin indeksi isə əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Beləliklə, yuxarıda qeyd olunan hallar və hüquq normalarının tələbləri nəzərə alınaraq, istehlak qiymətləri indeksini hazırkı icra sənədi üzrə ödənilməmiş borc məbləğinə tətbiq etdikdə, məhkəmə əmrinin qanuni qüvvəyə mindiyi 2016-cı ilin iyun ayından 2025-ci ilin oktyabr ayınadək borclular tərəfindən ödənilməmiş pulun indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 391,37 manat (495,40 manat x 179 % = 886,77; 886,77 – 495,40 = 391,37). Ona görə də məhkəmə hesab edir ki, 495,40 manat məbləğinin indeksasiyası aparılaraq, tələbkara əlavə olaraq 391,37 manat pul ödənilməlidir. Lakin tələbkar ərizəsində həm də icra sənədi üzrə tutulmalı 495,40 manatı tələb etsə də, məhkəmə qeyd edir ki, hüquqi mexanizm kimi indeksasiyanın təyinatı qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyası olduğundan, ödənilməli pul məbləğinin indeksasiyası aparılarkən yalnız icra sənədi üzrə tutulmalı məbləğdən əlavə olaraq ödənilməli pulun məbləği müəyyən edilməlidir. Bu səbəbdən ərizə qismən təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ödənilməli olan 495,40 manat pul məbləği indeksasiya edilərək, borclular Borclu1 və Borclu2 müştərək qaydada Tələbkar xeyrinə əlavə olaraq 391,37 manat pul tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-232, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8270/2016 saylı, 16 iyun 2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ödənilməli olan 495,40 manat pul məbləği indeksasiya edilərək, borclular Borclu1 və Borclu2 müştərək qaydada Tələbkar xeyrinə əlavə olaraq 391,37 manat pul tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar