Məhkəmə qərarları › İş №8(005)-107/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-107/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-107/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi (borclu) X3 iştirakı ilə İddiaçı X5 X4 qarşı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilərək üzr istənilməsi və mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair” mülki iş üzrə X1nın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3185/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3185/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasını dəyişdirərək hissəhissə ayda 50 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3185/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X2 mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat Sadıqova (Hüseynli) Sevinc İlyas qızının xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəçi maddi vəziyyəti ağır olduğu üçün 500 manat pulu birdəfəlik ödəməyə gücü çatmadığını qeyd etmişdir. Orta təhsillidir, həmçinin yaşı ilə əlaqədar iş tapmaqda çətinlik çəkir, heç bir yerdə işləmir və heç bir pensiya almır. Məcburi köçkün olduğu üçün dövlət tərəfindən ona 60 manat maddi yardım göstərilir. Həyat yoldaşı 220 manat yaşa görə əmək pensiyası alır, onu da Nərimanov Rayon Məhkəməsinin 2(005)-897/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aliment ödəyir. Əvvəllər 175 manat ödəsə də hal-hazırda 220 manat alimenti ödəyir. X6 isə heç bir yerdə işləmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-414/2022 nömrəli, xx.xx.2022- ci il tarixli hökmü ilə 2 il 5 ay 28 gün azadlığın məhdudlaşdırılması çəzası ilə cəzalandırılıb. Bunları sadalamaqla məhkəmədən mövcud maddi vəziyyətinin ağır olduğunun nəzərə alınmasını, 500 manat məbləğin hər ay 50 manat olmaqla ödəmək imkanı olduğunu bildirmiş və bu barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi – X1 ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş tələbkar Sadıqova (Hüseynli) Sevinc İlyas qızı ərizəyə etiraz edərək onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyərək, iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3185/2023- 002 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəçi - X1nın ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 3185/2023 saylı icra vərəqəsindən görünür ki, X2 mənəvi zərərin əvəzi olaraq 500 manat Sadıqova (Hüseynli) Sevinc İlyas qızının xeyrinə tutulmalıdır. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Ərizədən göründüyü kimi borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olduğundan onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra vərəqəsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən məbləğlə hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Tələbkar isə borcun hissə-hissə ödənilməsinə razı deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından, tələbkarın da ərizəyə etiraz edilməsi nəzərə alınmaqla hazırki ərizədə qeyd edilən əsaslarla qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3185/2023-002 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi, yəni hər ay tələbkar Sadıqova (Hüseynli) Sevinc İlyas qızının xeyinə 50 manat tutulması barədə X7 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar