Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-129/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin qərarından məhkəməyə şikayət verərək, Borclu barəsində olan tələbkarı olduqları Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 2(005)-7926/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon icra şöbəsinin 7623-15D saylı məktubundan görünür ki, Borclu barəsində olan, tələbkarı olduqları, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-7926/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi, İcra Haqqında Qanunun 23.1.3-cü maddəsinə əsasən icra edilməyən icra sənədi kimi Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır (Nərimanov rayon İcra şöbəsinin 7623- 15D saylı məktubunda 6-cı iş). Nəzərə alınmalıdır ki, icra sənədinin qaytarılmasından sonra icra məmurunun icraatında olmayan icra sənədi üzrə tələbkarın hər hansı hərəkətlər etməsi mümkün deyildir. Buna görə də İcra Haqqında Qanunun 29-cu maddəsində təsbit olunmuş hüquqlarından istifadə etmək imkanları yoxdur. Hazırda borclunun əmlak vəziyyətinin yoxlanılmasından ötrü həmin icra sənədinin icraya yönəldilməsinə zərurət yaranmışdır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən borclu barəsində fərdi məlumatlar yalnız onun razılığı ilə verilir. Göründüyü kimi, həmin məlumatların tərəflərindən əldə olunması mümkün deyil. Bundan başqa borclunun rəsmi reyestrdə qeydiyyata alınmayan, tələbin yönəldilə biləcək əmlakının olması istisna olunmur. Belə olan halda qəbul edilməlidir ki, tələbkarın icra sənədinin icrası məqsədi ilə mütəmadi borclunun əmlak vəziyyətinin yoxlanılmasını tələb etmək hüququnun mövcudluğu mübahisəsizdir və bu hüququn realizəsi üçün tələbkardan əldə edə bilməyəcəyi məlumatların tələb olunması yolverilməzdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7926/2017 saylı, xx.xx.2017ci il tarixli əmrinin surətindən görünür ki, Borclu "xxxx" ASC-nin xeyrinə 673,69 manat məbləğində əsas, 323,17 manat məbləğində faiz borcu, 94,69 manat cərimə borcu olmaqla, cəmi 1133,89 manat məbləğində pulun tutulması qərara alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin 7623-15D saylı məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7926/2017-002 saylı, xx.xx.2017ci il tarixli əmri “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1 və 6.1-ci maddələrinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 23.1 və 23.7-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin qaytarılması yalnız qanunvericiliklə sadalanmış hallarda, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, icra sənədi hesab edilən icra qeydinin icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icra məmuru yalnız borclunun adına olan əmlakların müəyyən edilməsi məqsədilə sorğular verməklə və əmlaka baxış keçirməklə kifayətlənərək əmlakın aşkar edilməməsinə əsaslanmaqla icra sənədini qaytarmışdır. İcra sənədinin qaytarılması haqqında qərardadda borclunun adına mülk, bağ sahəsi və s. olub-olmamasının aydınlaşdırılması məqsədilə sorğuların göndərilməsi qeyd edilsə də, bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin (o cümlədən borclunun hər hansı əmlakının və ya qiymətli əşyasının yerinin müəyyən edilməsi ilə bağlı digər zəruri icra hərəkətləri və s.) həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin onu verən orqana qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq icra hərəkətlərinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23, 26-cı maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7926/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-129/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-129/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver