Məhkəmə qərarları › İş №8(005)-164/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-164/2022

16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-164/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi borclu şəxs Borclu iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5032/2021 saylı, 2(005)-5032/2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu şəxs Borclu polis orqanı vasitəsilə Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5032/2021 saylı, 2(005)-5032/2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu şəxs Borclu polis orqanı vasitəsilə Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5032/2021-008 nömrəli, 24.11.2021 ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar X1 barəsində yazdığı bütün məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilməlidir, onun təkzib edilməsi, həmin məlumatların eyni zamanda işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana, iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi öhdəliyi qoyulmalıdır. Borclu tələbkar X1 xeyrinə 1.000 manat məbləğində mənəvi zərər tutulmalıdır. İcra sənədi şöbənin icraatına 06.01,2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün Borclu ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Borclu dəfələrlə borcunu ödəməsinə dair şöbəyə dəvət olunmasına baxmayaraq, borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Nəticədə Borclu şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmışdır. Borclu məhkəmə iclasında təqdimatı qəbul etmədi və bildirdi ki, o icra məmurunun çağırışlarına vaxtında gəlir. Qətnamədən apellyasiya şikayəti vermişdir. Ona görə təqdimatən rədd olunmasını xahiş etmişdir. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən və məzmunundan görünür ki, müvafiq tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair qeyd edilən qərar bildirişlə birlikdə Borclu göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Məhkəmə icra işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Borclu icra şöbəsinə gəlmiş, müvafiq icra vərəqəsi üzrə Borclu Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət qalmamışdır, bu səbəbdən verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5032/2021 saylı, 2(005)-5032/2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu şəxs Borclu polis orqanı vasitəsilə Nərimanov Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar