Məhkəmə qərarları › İş №8(005)-167/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-167/2023

19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-167/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2000 avro və 40000 manat məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman adına tələbin yönəldiləcəyi “VAZ 21070” markalı, **-FP-*** nömrə nişanlı, “VAZ 2101” markalı, **-CO-*** nömrə nişanlı və “VAZ 21011” markalı, **-EO-*** nömrə nişanlı avtomobillər aşkar edilmişdir. Əmlakların üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məlum əmlaklara həbs qoyulmuş və borclunun həbs qoyulmuş əmlaklarının axtarılması haqqında qərar qəbul edilərək xx.xx.2021-ci il tarixdə BDYPİ-yə göndərilmişdir. Borclu barəsində xx.xx.2021-ci il tarixdə AR İXM-nin 528.1-ci maddə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş, məhkəmənin 3(005)-772/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Borclu barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7591/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən hal uzun müddət icra işi üzrə icra tədbirlərin dayandırılması ilə nəticələnmişdir. Həmçinin Nərimanov rayon Məhkəməsinin 8(005)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobillərin axtarışı haqqında qərarın icra vəziyətinə dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə BDYPİ-yə xatırlatma məktubu göndərilmişdir. İcra sənədi üzrə borclu Dadaşov X4 Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi üçün məhkəməyə müraciət olunmuş, lakin Nərimanov rayon Məhkəməsinin 8(005)-436/2022 saylı, xx.xx.2022-ci il tarixli qərdadına əsəsən borclu tərəfindən verilmiş ərizə təmin edilməmişdir. “Elektron İcra” informasiya sistemi vasitəsi ilə Borclu adına "xxxx" ASC-də olan bank hesabı aşkar edilərək, xx.xx.2022-ci il tarixdə inkasso sərəncamları tətbiq edilmişdir. Bundan başqa “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə Borclu həyat yoldaşı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-mən 132 mənzilin olması müəyyən olunmuş, mənzilin üzərinə həbsin qoyulması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********14 saylı məktuba əsasən məlum əmlakın üzərinə qadağa qoyulmuş, daha sonra isə Borclu həyat yoldaşı X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-mən 132 mənzilin 1/2 hisəsinin üzərinə həbs qoyulmasına dair xx.xx.2022-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-553/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata tələbkar, borclu və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 40000 manat və 2000 avro məbləğində pul iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir; Borclu ünvanlanmış xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə Borclu bildiriş göndərilmiş və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Həmin bildirişi xx.xx.2021-ci il tarixdə Borclu imzalayaraq qəbul etmişdir; Borclu Nərimanov rayon İcra şöbəsində verdiyi izahatın surətindən görünür ki, işləmədiyini və heç yerdən gəliri olmadığını, bu səbəbdən ödəniş edə biləcəyi vaxtı deyə bilməyəcəyini bildirmişdir. İzahat borclu tərəfindən imzalanmışdır; Nərimanov Rayon Məhkəməsinin 8(005)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Nərimanov Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il taırxli icra sənədinin təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21070” markalı, **-FP-*** nömrə nişanlı, “VAZ 2101” markalı, **-CO-*** nömrə nişanlı və “VAZ 21011” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır; Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli “cinayət məhsuliyyətinə cəlb olunması” haqqında xəbərdarlıq məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin 3(005)- 772/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilindiyi, icra sənədi üzrə tələbi təmin edilməsi tələb edilmiş, əks təqdirdə AR CM-nin 306.1-ci maəddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 3(005)-772/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan çıxarışdan görünür ki, Borclu AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra məmuru tərəfindən göndərilən tələbin könüllü icrası haqqında bildirişdən xəbərdar olmuşdur. Bu hal borclunun Nərimanov Rayon İcra şöbəsində verdiyi izahatla da öz təsdiqini tapır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, bununla belə borclu Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumun borclunun ölkədən getmək hüququna məhdudlaşdırılması ilə bağlı hüquqi mövqeyinə görə, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32) mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (X8 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərar). Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar lazımi icra hərəkətlərinin aparılmasına baxmayaraq, icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.1964-cü il tarixdə Salyan rayonu, Sarvan kəndində anadan olmuş Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar