Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-181/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə 22000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkar və məhkəməyə göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borcluya şifahi xəbərdarlıq edilmiş, şöbəyə dəvət olunaraq izahatı alınmış və rəsmi qaydada icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən borclunun adına daşınar və daşınmaz əmlakların olmadığı müəyyən edilmişdir. Görülmüş tədbirlər nəticəsində hazıradək borclu icra sənədi üzrə cəmi 1000 manat məbləğində ödəniş etmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq risk isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 22000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir; Nərimanov Rayon İcra şöbəsinin qərarının və bildirişinin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişi imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra məmuru tərəfindən göndərilən tələbin könüllü icrası haqqında bildirişdən xəbərdar olmuşdur. Elektron portaldan çıxarışdan görünür ki, borclunun adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin bank hesabları barədə məlumat yoxdur. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, bununla belə borclu icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumun borclunun ölkədən getmək hüququna məhdudlaşdırılması ilə bağlı hüquqi mövqeyinə görə, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32) mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərar). Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar lazımi icra hərəkətlərinin aparılmasına baxmayaraq, icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququ 1 il müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-181/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-181/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver