Məhkəmə qərarları › İş №8(005)-185/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-185/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-185/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, X1 ərizəsi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsinə əsasən Babayev Səy id Eldar oğlundan xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarını 2025-ci ilin minimum əmək haqqı məbləğinin 0,64 mislinə indeksasiya edilərək, hər ay hər uşaq üçün 252 manat (400x0,64=252) olmaqla, cəmi 504 manat məbləğində müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsinə əsasən Borclu xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası Nərimanov rayon İcra Şöbəsinə həvalə olunmuş və həmin icra sənədi hal-hazırda da Nərimanov rayon İcra Şöbəsinin icraatındadır. Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikasında minimum əmək haqqı məbləği 250 manat olmuşdur. Belə olan halda, məhkəmə qətnaməsi ilə hər uşaq üçün tutulması qət olunan 160 manat aliment məbləği 2019-cu ildə qüvvədə olan minimum əmək haqqı məbləğinin 0,64 mislini (250x0.64=160) təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin yanvar ayının 01-dən Azərbaycan Respublikasında minimum əmək haqqı məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsi ilə hər uşaq üçün tutulması qət olunan 160 manat aliment məbləği 2025-ci il üçün minimum əmək haqqının 0,64 mislini, yəni 252 manat (400x0,64=252) təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, maraqlı şəxs gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. X3 xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. -110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşin hallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsi ilə, cavabdeh Borclu 06 avqust 2008-ci il təvəllüdlü X9, 14 may 2010-cu il təvəllüdlü X12 və 06 may 2014-cü il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda ərizəçi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunaraq artırılmasını xahiş edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Minimum əmək haqqı məbləğinin 0,615 misli 246 (iki yüz qırx altı) manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən uşaqların yaş həddini, onların böyüməsini, alimentin tutulduğu 2019-cu il tarixdən etibarən 6 il ərzində dəyişən həyat standartları və istehlak qiymətlərinin nisbətən artmasını, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, maraqlı şəxsin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə almaqla məhkəmə hesab edir ki, maraqlı şəxsdən hər ay hər uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ərizənin məhkəməyə daxil olduğu 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,615 misli (400 manat x 0,615 x 3 uşaq) məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 06 avqust 2008-ci il təvəllüdlü X9, 14 may 2010-cu il təvəllüdlü X12 və 06 may 2014-cü il təvəllüdlü X2 üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2777/2019 nömrəli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 06 avqust 2008-ci il təvəllüdlü X9, 14 may 2010-cu il təvəllüdlü X12 və 06 may 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (400 x 0,615 x 3 uşaq) sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar