Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-194/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “Vaz 11173” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu 3130 manat məbləğində pul və 51,30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzincə icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına Borclu adına “Vaz 11173” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-VS- *** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 2845,36 manat, 284,64 manat cərimə borcu olmaqla, cəmi 3130 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 51,30 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Vaz 11173” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “Vaz 11173” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borcluya məxsus 3 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması mütənasiblik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, borclunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Göstərilənlərə əsasən məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus iki ədəd nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat qismən təmin edilərək, Borclu məxsus “Opel Astra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Opel Astra” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-194/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-194/2024
03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver